YAXIN Şərqin UZAQ hədəfləri... - N.Cəfərsoy: "SSRİ dağıldı, Türkiyənin əhəmiyyəti azaldı" / MÜSAHİBƏ

 14:57 21.10.2019     8946

QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoyun Redaktor.az-a regional və qlobal məsələlərlə bağlı müsahibəsini təqdim edirik:

- Ekspertlər bildirir ki, dünya nizamı dəyişir. Baş verən proseslər də məhz bu nizamın dəyişməsinə xidmət edir. Maraqlıdır bu nizam necə dəyişir? 

- Beynəlxalq münasibət sisteminin indiki dövrü əslində transformasiya (keçid) dövrü sayılır. Rəsmi şəkildə soyuq müharibə deyə xarakterizə edilən ikiqütblü dünyada blokların mübarizəsi, əslində 1989-cu ildə Berlin divarının yıxılması və 1991-ci ildə SSRİ-nin dağılması ilə yekunlaşdı. Yeni bir dünya nizamı formalaşmağa başladı. Bu mənada, soyuq müharibə Qərb blokunun qələbəsi ilə nəticələndi. Hər nə qədər Rusiyada müəyyən qüvvələr bunun məğlubiyyət yox, hansısa razılaşmanın nəticəsi olduğunu bildirsələr də, reallıqlar onu göstərir ki, şərq, sovet bloku həm ideoloji, həm siyasi, həm də iqtisadi mənada ciddi məğlubiyyətlə siyasi tarixi tərk elədi. Amma bundan sonra qlobal sistem dəyişdi. Bloklardan biri dağıldı, daxili ziddiyətlərini həll edə bilməyən SSRİ parçalandı. Bu parçalanmanın nəticəsində ortaya 15 müstəqil respublika çıxdı. Yeni dönəmdə proses başlayanda təkqütblülük əsas ideya idi. Qərb bloku zəfər qazanmışdı. Bu zəfərin iqtisadi, siyasi, hərbi və mədəni sahələrdəki nümunələri özünü aydın göstərirdi. Məsələn, Qərb dəyərlərini özündə ehtiva edən bazar iqtisadiyyatı qızıl dövrlərindən birini yaşayırdı. Başqa önəmli mənzərə ondan ibarət idi ki, siyasi sahədə Qərbin təklif etdiyi dəyərlər demokratiya, liberal dəyərlər, insan hüquqları dünyada çox populyar hala gəlmişdi. Hərbi mənada Varşava paktı dağıdılmışdı. Sadəcə Avropa qitəsi ilə məhdudlaşmayan ABŞ-ın liderliyində NATO bütün qlobal sistemi əhatə etmək missiyasını öz üzərinə götürmüşdü. İntellektual və mədəni səviyyədə də Fukuyama və Hantiqton kimi intelektulların yanaşmalarında Qərbin qalibiyyətini görə bilirdik. Qlobal siyasətin istiqamətləri Qərbin diqtə etdiyi, tətbiq və ya təşviq etdiyi, hətta bəzən təzyiq etdiyi dəyərlərlə formalaşması əsas tendensiyaydı. İnsanlar artıq Qərbdəki kimi yaşamaq, oxumaq, Qərbdə olan modellərin ölkələrdə tətbiq edilməsinə xüsusi maraq göstərirdilər. Beynəlxalq sistemin yeganə supergücü pozisiyasında ABŞ qalmışdı.

- Bəs ABŞ beynəlxalq sistemin yeganə supergücü olmağı bacara bildimi?

- Son 30 ildəki ABŞ-ın qlobal siyasətdəki davranış şəklini iki kateqoriya içərisində qiymətləndirə bilərik:

Birincisi, supergüc, amma hegemon dövlət olmaq istəyi. Daha çox qərarları özünün aldığı və digər ölkələrin bu qərarların alınmasında iştirakından daha çox qəbul olunmasından sonrakı prosesdə, həyata keçirilməsində iştirakçı olmasını təmin etmək... Və buna qarşı çıxanların ABŞ-ın hərbi, siyasi, iqtisadi, diplomatik təzyiq gücü ilə zəiflədildiyi dönəm idi. Ancaq hegemon dövlət olmaq ABŞ üçün çox da uğurla nəticələnmədi. ABŞ qlobal sistemdəki ən önəmli güc olaraq qalmaq istəyin ikinci təzahürü, sistemin lider ölkəsi olması şəklində özünü göstərirdi. Qlobal siyasətin tənzimlənməsində ABŞ artıq digər ölkələrlə də məsləhətləşirdi. Ancaq kritik məqamlar ortaya çıxdı. Suriya məsələsi göstərdi ki, ABŞ-ın qlobal siyasətdə sadəcə hegemon deyil, eyni zamanda lider ölkə olması ilə bağlı məsələlərdə ciddi problemləri var. Suriya məsələsində artıq aydın oldu ki, ABŞ-ın hegemonluğu burada çox effektiv sayılırdı. Rusiya isə son 30 ildə Suriya bölgəsində zəifləmişdi. Ancaq nizam-intizamın Suriya ayağında ABŞ Rusiya, Çin, İran- bir sözlə regional aktorlarla hesablaşmaq məcburiyyətində qaldı. Amerika Birləşmiş Ştatlarının özünün bura yönəlik siyasətini gerçəkləşdirə bilməməsi rəsmi Vaşinqtonun qlobal siyasətdəki gücü ilə bağlı da ciddi müzakirələri bərabərində gətirdi.

- Suriya böhranının qlobal güclər üçün perspektivi nədən ibarətdir?

- Bu, Suriyadan daha çox Yaxın Şərq regionu ilə əlaqəlidir. Yaxın Şərq regionu tarixən çox önəmli olub. Çünki bu coğrafiya dinlərin çıxdığı, iqtisadi baxımdan çox əhəmiyyətli olan bölgədir. Orta əsr tarix kitablarından adı məlum olan Mesopotomiya kimi məhsuldar torpaqlar bu coğrafiyada olub. Yaxın Şərqin iqtisadi cəhətdən əhəmiyyətini artıran daha bir amil ondan ibarətdir ki, bura orta əsrlərdə ən önəmli ticarət zonası olan Aralıq və Qırmızı dənizin qonşusu, boğazlar səviyyəsində çox əhəmiyyətli idi. Yaxın Şərqin geoiqtisadi, geostrateji önəmini daha da artıran amil bu bölgədə neftin tapılması oldu. Bu mənada Yaxın Şərq regionu çox önəmlidir və Qərbdən Şərqə, Şərqdən Qərbə, Şimaldan Cənuba, Cənubdan Şimala keçid nöqtəsidir. Bu önəmi artıran məqamlardan biri də ondan ibarətdir ki, qlobal siyasətin ən əhəmiyyətli aktorlarının Yaxın Şərq regionu ilə bağlı öz planları var. Yaxın Şərqdə baş verən hər hadisə qlobal siyasətdə söz sahibi olmaq istəyən bütün ölkələri ciddi şəkildə maraqlandırır. Qlobal siyasətin bu gün 10 ən önəmli probleminin 3-4-ü Yaxın Şərq regionu ilə əlaqəlidir. Yaxın Şərqin qlobal siyasət üçün əhəmiyyəti əsas oyunçu ABŞ üçün İsrailin təhlükəsizliyidir. Bu bölgə eyni zamanda qlobal təhlükəsizlik üçün önəmli amilə sahibdir. Burada dövlətlər və xalqlar arasında çox ciddi problemlər var, bu problemlər bölgədə dini fundamentalizmlə birləşərək, Qərb üçün çox ciddi təhdid olaraq qarşımıza çıxır: Əl-Qaidə, İŞİD şəklində özünü göstərir.

- Yaxın Şərqdəki regional aktorların, bu konteksdə Türkiyənin pozisiyasını aydınlaşdıraq...

- Yaxın Şərq regionunun son 50 ilinə baxanda, qlobal aktorlar regionda söz sahibi olmaq istəyəndə, buradakı 4 önəmli amili diqqətə alınmalıdır. Bunlar türk amilini təmsil edən - Türkiyə, bölgənin fars amili - İran, ərəb amili - zaman-zaman Misir, İraq, son dövrlərdə Səudiyyə Ərəbistanı, son olaraq yəhudi amili – İsraildir. 4 aktoru bu və ya digər şəkildə nəzərə almaq lazımdır. Ya onlarla hesablaşmaq, ya da onlardan birini hədəf göstərməklə bunu etmək olar. Ancaq son dövrlər Yaxın Şərq regionuna ABŞ-ın müdaxiləsi yeni vəziyyətin yaranmasını gündəmə gətirdi. Əslində əsas məsələ bundan ibarətdir. Sistemin sahibi və ya sistemin əsas qaydalarını qoyan əsas aktorun təməl missiyası status-kvonu qorumaq idi, bu, təməl prinsipi olub. Ancaq son 30 ildir, ABŞ fərqli davranış sərgiləyir və sistemi dəyişdirməyə çalışır. Sistemin sahibi olsa belə revizyonist davranır. İraqa, Əfqanıstana müdaxilə, İran, Şimali Koreya ilə bağlı təhdidlər sistemin yenidən formalaşdırılması üçün atılan addımlardan sayıla bilər. ABŞ qaydaları dəyişib davam etmək istəyir. Bu, görünməmiş durumdur. Bu da qlobal sistemlə bağlı sarsıntıları artırır. Bu, qeyri-müəyyənlik yaradır. Digər tərəfdən, dünya çox ciddi şəkildə inkişaf edir, xüsusilə qloballaşma tendensiyası beynəlxalq münasibətlərin dinamizmini daha da dəyişdirir. Bu da qlobal siyasətin mahiyyətini dəyişdirir. Qlobal siyasətin əsas aktoru əlindəki imkanlarla qaydaları dəyişməyə, digərləri isə buna qarşı dayanmağa çalışır. Həmin qüvvələr ya status-kvonun qorunmasında maraqlıdır, ya da bu dəyişimdən müəyyən koalisiyalar vasitəsilə (məsələn, Rusiya, Çin, zaman-zaman AB ölkələri) bu dalğalı dənizdə mövqe tutmağa çalışırlar. Yəni mənzərə bu şəkildədir. Amma ABŞ bunu edərkən, getdikcə öz istəklərini gerçəkləşdirmə mövzusunda daha az imkanlara sahib olur. Qarşısında ona müqavimət göstərənlərin sayı artır. ABŞ İraqa ilk hərbi müdaxilədə istədiyinə böyük ölçüdə nail oldu. 2003-cü il hadisələrində də bunu demək olar. Amma Suriyada ABŞ-ın istədiklərinə nail ola bilmədiyi anlaşıldı. Qlobal və regional şərtlər imkan versə, ABŞ İrana yönəlik siyasətində daha fərqli davranmaq istəyər. Xüsusilə Donald Tramp dövründə. Bütün bunlar əslində beynəlxalq münasibətlərdə yaranan vəziyyəti gündəmə gətirir. Bütün bunlar soyuq müharibədən sonra baş verən və indi çox açıq görünən problemdir. Soyuq müharibə dövründə ağ və qara rənglər var idi. Ya SSRİ-nin yanındasan, ya ABŞ-ın. Ancaq soyuq müharibədən sonra bu tendensiya dəyişdi. Artıq ağ və qara arasında müxtəlif rənglər var. Hətta bunu göy qurşağına da bənzədirlər.

Artıq Beynəlxalq münasibətlər “Win Win” oyununa çevrilib. Bir məsələdə iki tərəfin fərqli yanaşmaları da olsa, bu yanaşmalar maksimalist ola bilmir. Bəzən qazananda Rusiya, İranla əməkdaşlıq edə bilirsən, bəzən isə Türkiyə ilə tərs tərəflərdə olursan. Belə olan halda bugünkü müttəfiqlərin sabah rəqib olması, yaxud dünənki rəqiblərin bu gün müttəfiq olduğu beynəxalq münasibətlər formalaşır. Bunun ən bariz, ən açıq nümunəsi də Suriyadır. Suriyada məsələ “0 toplanma oyunu” olaraq başladı. Ancaq son 8 ildə gedən proseslər göstərdi ki, Suriya oyununun “0 toplanma” oyunu olması ehtimalı yoxdur. Yəni burada birinin qazanıb, o birisinin itirəcəyi bir şey ola bilməz. Mahiyyət dəyişdi və proses  “Win Win”ə çevrildi. Bu zaman artıq müxtəlif aktorlar da prosesə qoşuldu. Rusiya və ABŞ Suriya məsələsi ilə bağlı müzakirələr həyata keçirdi. Hətta bu müzakirələr o dərəcədə əhəmiyyət qazandı ki, amerikalılar Rusiya ilə əməkdaşlıq etməyə çalışdılar. Hətta bu konteksdə ABŞ-a girişi rəsmi olaraq qadağan edilmiş, qara siyahıda olan rusiyalı rəsmilərin də rəsmi Vaşinqtona səfər etməsinə icazə verildi. Bu, Suriya məsələsində ABŞ-Rusiya uzlaşması idi. Eyni zamanda bölgələrdə də uzlaşmalar oldu. ABŞ-PYD ittifaqı. Bu prosesdə ən kəskin dönüş edən tərəf isə Türkiyə oldu. Türkiyə əvvəl ABŞ, Səudiyyə Ərəbistanı ilə eyni tərəfdə yer alıb, ən çox ziyan çəkən ölkə idi. “0 toplanma” oyununda Türkiyə kəskin dönüş edərək, Rusiya və İranla əməkdaşlığa getdi. “Sülh çeşməsi” əməliyyatı isə ABŞ və Rusiyanın da razılıq verdiyi əməliyyatdır. Türkiyəyə uzun müddətdir belə bir əməliyyata başlamağa icazə vermirdilər. Çünki Suriyada masada təsirli rol oynamaq üçün iki amilə ehtiyac var. Birincisi, işin siyasi ayağı, ikincisi, hərbi... Türkiyə burada yetərincə təmsil olunmurdu, amma prosesdən ən çox zərər çəkən ölkə idi. Heç şübhəsiz ki, proseslərin bu hala gəlməsində digər aktorların olduğu qədər Türkiyənin də çox böyük rolu var. Dolayısı ilə Türkiyə bu prosesi öz lehinə çevirmək, yaxud ən azından Suriyada yeni bir düzən qurulmasında rol ala bilmək və oradan özünə təhdid sayılan Beka problemi və kürd dövlətinin yaranmasının qarşısını almaq üçün fəaliyyətə başladı. Bu əməliyyat həm Rusiya, həm də Tramp hökuməti ilə razılaşdırılıb.

- ABŞ və Rusiyanın da bu əməliyyatla bağlı öz aralarında anlaşmaya gəldikləri iddia edilir. Bu anlaşmada Türkiyənin mövqeyi nəzərə alınıbmı?

- Faktiki bir anlaşmadan bəhs etmək doğru olmaz. Türkiyə, Rusiya və ABŞ arasında Suriyanın gələcəyinə dair konturları müəyyən olan bir razılaşma var. Bu razılaşmada görünən odur ki, ABŞ tərəfi Əsəd rejiminin bu konyekturada getməyəcəyini qəbullanıb. Amma onların iki məsələdə həssasiyyəti qalmaqdadır: birincisi, İŞİD-in məğlub edilməsi, ikincisi, PYD-nin bölgədəki mövqeyinin davam etdirilməsi və özlərinin də hərbi bazalarının qorunması... Eyni zamanda ABŞ Rusiyanın da buradakı rolunu, hərbi maraqlarını qəbul edib. Ümumi razılaşmanın içərisində Türkiyənin mövqeyi Yaxın Şərqin gələcəyi ilə bağlıdır. ABŞ regionda Türkiyəni itirmək istəmir. Çünki bu baş versə, Yaxın Şərq regionunda qlobal siyasətin özünün maraqlarını gerçəkləşdirmə nöqtəsində ciddi problemlərlə qarşılaşacaq. Eyni zamanda bölgədə Türkiyəni itirmək İran probleminin daha da böyüməsinə gətirib çıxaracaq. Ən önəmlisi, ABŞ-ın Türkiyəni itirməsi bölgədə və qlobal siyasətdə Amerikaya qarşı Rusiya, İran, Türkiyə və Çin kimi ölkələrin birliyini tam mənada formalaşdıracaq ki, bu da rəsmi Vaşinqtonun həm dünyadakı nüfuzu, həm də Yaxın Şərqdəki mövqeyi baxımından arzu edilməyən durumdur. Ona görə də ABŞ “Slüh çeşməsi” əməliyyatında 3 ziddiyyətli məsələni bir arada tutmağa məcburdur. Birincisi, PYD-ni qorumaq, ikincisi, Türkiyəni itirməmək, üçüncüsü bu ziddiyyətli iki mpövqeyi ABŞ cəmiyyətinin və dövlətinin digər qurumlarına anlatmaqdır. Ona görə də Tramp bəzən Türkiyəni sərt şəkildə tənqid edən kobud tvitlərlə, bəzən isə Türkiyəni anladığını ifadə edən açıqlamalarla prosesi idarə etməyə çalışır. Rusiya ABŞ-ın bölgədəki ciddi səhvləri nəticəsində tarixdə olmayan şəkildə Suriyada qızıl fürsəti yaxalayıb. Suriya oyununda Türkiyə-Rusiya münasibətləri daha da yaxşılaşıb. “Sülh çeşməsi” əməliyyatına Rusiyanın razılıq verməsinin əsas səbəblərindən biri də rəsmi Moskvanın Ankaranın maraqlarının bir hissəsini müəyyən mənada qəbul etməsi ilə bağlıdır. ABŞ və Rusiyanın ümumi uzlaşması İŞİD təhdidinin ortadan qalxması və Türkiyəni bölgədə itirməməkdir. Hər iki ölkə baş verənlərin Türkiyə ilə münasibətlərə ciddi təsir etməməsinə çalışırlar. Ona görə də BMT-də  “Sülh çeşməsi” əməliyyatına Aİ üzvlərinin sərt qınama, hətta əməliyyatı dayandırma məsələsinə Rusiya və ABŞ veto qoydu. Bu, əslində hər iki ölkənin Türkiyə ilə bağlı bənzər maraqlarının olduğunu göstərir. Belə görünür ki, ABŞ və Rusiya üçün Suriya məsələsi səngiyəndən sonra əsas məsələ İran olacaq. 

- Bu bölgədə söz sahibi olmaq istəyən aktorlardan biri də Türkiyədir. Qeyd etdiyniz kimi ABŞ və Rusiya Türkiyəni itirmək istəmir. Türkiyə bu prosesi necə öz xeyrinə çevirə bilər? Bu proseslərdən sonra Türkiyə üçün geosiyasi baxımdan hansı dəyişikliklər gözlənilir?

- Artıq hər kəs öz müttəfiqlərini daha da artırıb öz maraqlarının həyata keçməsinə çalışır. Yəni heç bir qlobal və regional aktor birbaşa qarşı tərəfə çevrilmək istəmir. Məsələn, ABŞ həm Türkiyəni, həm də PYD-ni itirmək istəmir. Rusiya Türkiyəni itirmək istəməsə də, PYD-nin də özünə tərəf gəlməsində maraqlıdır. “Sülh çeşməsi” əməliyyatından hərənin bir qazancı var. Amerikalılar pozisiyalarını tam itirmirlər, Əsəd və Rusiyanın yerinə türklərin yer almasına çalışırlar. İran üçün yaxşı xəbər budur ki, ABŞ-ın burada nəzarət etdiyi ərazilər azalır. Bu başqa mənzərəni qarşıya çıxarır. Yəni tərəflər istəmir ki, müttəfiqlərinin sayı azalsın. Müttəfiqlərinin sayını çoxaldarkən hər iki aktor və digərləri Türkiyənin burada rahat hərəkət etməsinə imkan vermək istəmirlər. Çünki əsas məqsəd masada güclü qala bilməkdir. Ona görə də Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatlara qarşı Çin, Rusiya, İran da açıqlamalar verilir. Ən çox ziddiyyətlərin olduğu ölkə isə ABŞ-dır. Çünki 2020-ci ildə ABŞ-da prezident seçkiləri keçiriləcək. Seçkilər bu prosesi daha da çətinləşdirir. Trampın rəqibləri onun Türkiyə siyasətindən nüfuzunu sarsıtmaq üçün istifadə edirlər. Türkiyə hərəkət etdikcə qarşı aktorlar rəsmi Ankaranın rahat hərəkət etməsi, masada daha güclü olmasının qarşısını almağa çalışırlar. “Sülh çeşməsi"nin dayandırılmasını Suriyadakı umumi oyun çərcivəsində qiymətləndirmək lazımdır.

- Bəs proses nə ilə nəticələnəcək? Bu prosesdən ən qazanclı hansı aktor çıxacaq?

- Oyun qazancların maksimilize edilməsi üzərində qurulmayıb. Mümkün olan ən yaxşı mövqeyi əldə etmək üzərində qurulub. Burada nə ABŞ, nə Rusiya, nə İran, nə də Türkiyə sözün həqiqi mənasında tam istədiyini ala bilir. Türkiyə “Sülh çeşməsi” əməliyyatına başlayanda, bütövlükdə Suriya ilə öz arasında təhlükəsizlik zolağı yaratmaq istəyirdi. Əməliyyatlardan əvvəl də Türkiyə tərəfi bunun üçün çoxlu sayda dipliomatik danışıqlar həyata keçirdi. Amma ABŞ tərəfi buna müsbət yanaşmadı. Buna görə də sonda Türkiyə əməliyyat keçirməyə qərar verdi. Amma əməliyyatla bağlı Trampdan razılıq gəldi. Türkiyənin tam arzusu PKK-nın Suriya qolu olan PYD-nin bütün nəzarət etdiyi ərazilərdən çıxarılmasıdır. Türkiyə bu terror təşkilatının hərbi gücünün dağıdılmasını istəyir. Ancaq PYD-nin hərbi gücü təxminən 60 mindir. Onlar ABŞ-ın qoruması altında olan bölgələrə çəkilib. Son əməliyyatlarda 700-ə yaxın terrorçu öldürülüb. Hazırda PYD-nin ordusunda 40-45 minə yaxın adam var. Doğrudur, PYD siyasi sahənin əhəmiyyətli bir hissəsini itirdi. PKK-nın Aralıq dənizinə çıxmasına əngəl olundu. Ancaq PYD ABŞ himayəsində öz hərbi gücünün əsas hissəsini saxlayıb. Türkiyə Menbiç və Kobanini ələ keçirmək istəyir. Ancaq orada Əsəd rejiminin nəzarəti ələ keçirdiyi bildirilir.

“Sülh çeşməsi” əməliyyatını etməklə Türkiyə də istədiyini tam mənada ala bilmir. Rusiya tərəfi isə fürsətdən istifadə edib ABŞ-ın nəzarəti altında olan PYD-ni öz tərəfinə çəkməyə çalışır. Bu məsələdə bütün aktorların 100 faiz qazana biləcəyi heç nə yoxdu. “Sülh çeşməsi”nin sonunda məsələnin hərbi  hissəsi bitəcək. Hətta Menbiç, Kobani bölgəsində Türkiyənin dəstəklədiyi ASO ilə Əsəd ordusu arasında kiçik qarşıdurma da yaşana bilər. Amma Rusiyanın Türkiyə və Suriya arasında böyük gərginlik yaşanmasına razı olacağını düşünmürəm. Çünki bu, Türkiyə - Rusiya münasibətlərinin pozulmasına gətirib çıxara bilər. Digər tərəfdən, Rusiya və İranın köməyi ilə “Pirr qələbəsi” qazanmış Əsəd üçün də hərbi fəlakət olar.

- Bəs Türkiyə-ABŞ münasibətləri bu vəziyyətə necə gəldi?

- Türkiyə-ABŞ münasibətlərinin tarixi Osmanlıya qədər gedib çıxır. Hətta soyuq müharibə dövründə də bu münasibətlərin hərbi, siyasi, iqtisadi motivləri var idi. Digər tərəfdən, iki ölkə arasında ciddi hərbi əməkdaşlıq var. Bu dövrdə Türkiyə-ABŞ münasibətlərini tənzimləyən müxtəlif amillər mövcud idi. Birincisi, beynəlxalq qlobal siyasətin vəziyyəti Türkiyə-ABŞ birliyini şərtləndirirdi. Həmin vaxt SSRİ (komunizmi təhdid) var idi. Bu məsələdə Türkiyənin dəstəyi çox önəmli idi. Çünki Türkiyə ABŞ siyasətinin  bölgədəki ən önəmli aktorlarından biri sayılırdı. Hətta NATO-nun ən güclü orduya malik ikinci gücü olması da bundan qaynaqlanırdı. Türkiyə SSRİ ilə birbaşa quru sərhədi olan önəmli NATO ölkəsi idi. İkincisi, son 50 ildə Türkiyə-ABŞ münasibətlərinin yaxınlaşmasında türk ordusu ilə amerika ordusu arasında baş verənlərdir. Pentaqon Türkiyəni strateji müttəfiq sayırdı və proseslərdə rəsmi Ankaranın maraqlarını nəzərə alırdı. Pentaqon Türkiyənin lobbisi, yaxud da Türkiyə maraqlarına ABŞ-ın qərarvermə mexanizmində dəstək verən aktorlardan biri sayılırdı. ABŞ-da Dövlət Katibliyi də siyasi və strateji məqsədlərinə görə Türkiyənin maraqlarını nəzərə almağın əhəmiyyətini qeyd edirdi. Bunlara əlavə olaraq, Türkiyəni yəhudi lobbisi də dəstəkləyirdi. Bu faktorlar hamısı ABŞ-ın bölgə siyasətində Türkiyənin rolunu əhəmiyyətli edirdi. Türkiyə bu faktorlardan zaman-zaman öz xeyrinə istifadə etməyi bacarıb. Doğrudur, ABŞ-da Türkiyə əleyhinə işləyən faktorlar da var idi: erməni, yunan lobbisi.  Ancaq son 30 ildə Türkiyənin lehinə işləyən faktorlarda çox ciddi eroziya, zəifləmə motivləri görünür. Buna əsas səbəblərdən biri SSRİ-nin dağılması oldu. SSRİ dağılandan sonra Türkiyənin strateji önəmi Qərbdə sorğulanmağa başladı. Digər tərəfdən, həmin dönəmdə ABŞ siyasətində rum, erməni etnik amillərinin də rolu müəyyən mənada hərəkətlilik dövrünə keçdi. Məsələn, Obama nisbətən erməni lobbisinə daha yaxın prezident idi. Digər tərəfdən, Türkiyə və İsrail arasındakı münasibətlər ABŞ-da yəhudi lobbisinin rəsmi Ankaranın mövqeyini dəstəkləməsinə əngəl olan amillərdən birinə çevrildi. Türkiyə və ABŞ arasındakı münaibətlərin əsas sütunlarından biri ordu idi. İki ölkənin ordusu arasında da münasibətlər əvvəlki gücünü itirdi. Türkiyənin həm daxilində, həm də regional siyasətində ABŞ-a baxışda inamsızlıq artdı. Bütün bunlar Türkiyə-ABŞ münasibətlərini bu vəziyyətə gətirən amillərdir. Türkiyədə 15 iyul hadisələrində ABŞ-ın rolu ilə bağlı məsələ bu inamsızlığı daha da artırdı. Bu məqamlar da  ABŞ-ın Türkiyədəki dəstəkçilərinin sayının azalması ilə nəticələndi. Bu azalma ABŞ-dakı qurumlarda da, siyasilər arasında da Türkiyənin mövqeyini zəiflətdi. Bu, zəifləmə artıq hər böhranda Türkiyənin hətta legitim maraqlarını da qəbul etməyən yanaşma ortaya çıxardı. Dolayısı ilə bu özünü ən bariz şəkildə Suriya məsələsində göstərdi. Bu məsələ də ABŞ-a qarşı Türkiyənin yanaşmasında şübhələri artırdı. FETÖ hadisələrindən sonra, Türkiyə diasporunun önəmli bir hissəsi də Türkiyəyə yönəlik mənfi imicin yaranmasında təsirli faktora çevrilməyə başladı.

- Gözlənildiyi kimi Türkiyənin keçirdiyi “Sülh çeşməsi” əməliyyatına qarşı çıxanlar çox oldu. Hətta Türkiyənin zamanında dəstəklədiyi bir çox dövlətlər də əməliyyatın başlanmasından narahatlığını ifadə etdi. Türkiyə bu əməliyyatlarda əsas dəstəyi başda Azərbaycan olmaqla, türk dövlətlərindən aldı. Bundan sonrakı dönəmdə Türkiyə siyasətində nə kimi dəyişikliklər olacaq?

- Bu əməliyyata Azərbaycanın dəstək verməsi sürpriz deyil. Son 30 ildə Türkiyə-Azərbaycan münasibətləri hər mənada inkişaf edib. Azərbaycan hətta Rusiya-Türkiyə arasında təyyarə qalmaqalında da rəsmi Ankaranı dəstəkləyən bəyanatla çıxış etdi. Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxşılaşmasının potensialı var. Qarşıdakı dönəmdə bu münasibətlərin inkişafı yeni addımlarla da dəstəklənəcək.

Dünyada mənfi reaksiyaların çox olduğu dönəmdə, Türkiyənin türk dünyasından belə bir dəstək alması çox anlamlıdır. Bu, Türkiyənin ərəb dünyası ilə, Qərblə münasibətlərindəki problemləri göstərir. Ən yaxşı hal kimi tam dəstəyi Azərbayan və TÜRK dünyası ölkələrindən almağa çalışdı.

- Rusiyanın Cənubi Qafqazda vassalı sayılan Ermənistan, bu əməliyyatların keçirilməsindən narahatlıq keçirdiyini ifadə etdi. Hətta Ermənistan tərəfindən bu əməliyyatları pisləyən bəyanat da yayıldı. Vassalı qorxudan nə idi?

Ardı var...

Firuzə Vahid / Redaktor.az

FOTO: Müzəffər İsmayilov