"Çox tanınmış adamlar mənə eşq elan ediblər" - Gənc aktrisa ilə MÜSAHİBƏ / FOTOLAR

 15:10 28.10.2019     9449

Gənc və cazibədar aktrisa Natavan Abbaslının Redaktor.az-a müsahibəsini təqdim edirik:

Qeyd edək ki, Natavan Abbaslı 1996-cı ildə anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Hazırda özəl teatrlardan birində çalışır. 

- Natavan xanım, aktrisa kimi ən böyük hədəfiniz nədir?

- Ən böyük zirvəyə çatmaq istəyirəm. Bilirsiniz, bu elə sənətdir ki, daim öyrənmək, özünü inkişaf etdirmək lazımdır. Mənim də istəyim odur ki, daim inkişaf edim, yeni nələrsə öyrənim. Bununla da daha yaxşı işlər görüm, aktrisa kimi məşhurlaşım, ən yaxşı filmlərə və seriallara çəkilim. Ölkəmizi bu sahədə beynəlxalq aləmdə təmsil edim. 

- Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı ədibin "Solğun Çiçəklər" pyesi ekranlaşdırıldı. Burada baş rollardan birini siz ifa edirdiniz. Cəsur səhnələr də var idi...

- Bəli, “Solğun Çiçəklər”də cəsur səhnələr var idi. Məsələn, biz spa salonunda bir səhnə çəkmişdik. Hamıya elə gəlirdi ki, orada öpüşmə səhnəsi var. Amma öpüşmə səhnəsi yox  idi. Bu, növbəti bölümdə də göründü ki, belə deyil. Filmlərdə, seriallarda mənim üçün cəsur səhnələrin, el dili ilə desək, açıq-saçıqlığın sərhədi var. Təbii ki, hər insanın bir qırmızı xətti olur və mənim də var. 

- Yəni, yaxşı qonarar təklif etsələr, açıq-saçıq səhnələrə çəkilərsiniz?

- Hər aktrisanın öz düşüncəsi, xarakteri var. Sən sənətdəsən deyə, bu o demək deyil ki, bütün sərhədləri aşmalısan. Yox, belə deyil. Amma elə insan var ki, onun üçün belə sərhəd yoxdu. Bilirsiniz, açıq-saçıq səhnələrə çəkilmək olar. Amma bu səhnələr vulqar olmamalıdır. Yəni, bu səhnələri estetik formada göstərmək lazımdır. 

Dediyim kimi, sərhədlərim var. Bu sərhədlər çərçivəsində yaxşı qonarar təklif olunsa, açıq-saçıq səhnələrə çəkilməyi düşünərəm. Amma nə “hə”, nə də “yox” demirəm. Bunu zaman göstərəcək. 

- Kifayət qədər cəsur geyim üslubunuz var. Bu qədər açıq-saçıq geyinmək sizə problem yaratmır?

- Yox, açıq-saçıq geyimlər mənə problem yaratmır. Çünki, harada necə geyinməyi yaxşı bilirəm. 

- Şəxsi həyatınızdan danışaq, subaysınız?

- Subayam, şəxsi həyatımdan danışmağı sevmirəm. 

- Məncə standard cavab oldu. Amma indi məşhurların “Həci” trendi var. Trendə qoşulmamısınız?

-  “Həci”m, sponsorum yoxdur. Sponsor anlayışı mənim üçün yaxşı dost, tanış deməkdir. O, sənə kömək edir, dəstək olur. Bunu pis mənaya yozmaq olmaz. 

- Yəqin ki, sizə eşq elan edənlər çoxdur. Məşhurlar, varlı adamlar varmı aralarında?

- O qədər eşq elanı olur ki... “İnstagram”da, “Facebook”da yazırlar. Bəzən şəxsi nömrəmi tapıb zəng edirlər. Hətda iş yerimə gül göndərən də olub. Mən belə eşq təkliflərinə cavab vermirəm. İnsan tanımadığı, görmədiyi adamla necə eşq yaşaya bilər?! Adını çəkməyəcəm, amma çox tanınmış adamlar da olub ki, eşq elan ediblər. Baxırsan ki, gözəl həyat yoldaşı, övladları var... Mən onlara lazımi cavabı vermişəm!

Sizə bir maraqlı əhvalat danışmaq istəyirəm. Bilirsiniz ki, “Solğun Çiçəklər”də öz bacısınının nişanlısını sevən “Pəri” obrazını canlandırmışam. Bir dəfə yolda gedən gənc oğlan bu obrazla bağlı söz atdı. Çox nəlayiq ifadə işlətdi. Mən ona cavab vermədim. Amma gördüm ki, yenə öz işindədir... Geriyə dönüb necə lazımdır cavabını verdim. Təəssüf ki, belə insanlarla da rastlaşırıq. 

- Deyirlər ki, sənətdə olan subay qızlarla ailə quran olmur, çoxu evdə qalır...

-  Mən bu fikirlə razı deyiləm. Bizim o qədər məşhur sənət adamlarımız var ki, gözəl ailələri var. Cəmiyyətdə insanlara örnək göstərilirlər. Bu baxımdan düşünmürəm ki, sənət aləmində olan qızları alan olmur. 

- Qalmaqallarla aranız necədir?

- Mən istəməzdim qalmaqalla gündəmə gəlim. Bu keçib gedən məşhurluqdur. Aktrisa üçün hansısa obrazla insanların yaddaşında qalmaq ən böyük xoşbəxtlikdir. İllər keçsə də, sən yaddaşlardan silinmirsən.

Oral Mədənçi / Redaktor.az

2222222