"İran şahının xanımı Bakı metrosunda olub" - Metropoliten işçisi / REPORTAJ

 10:00 08.11.2019     28339

Onlar gün işığının düşmədiyi yerlərdə, torpağın metrlərlə dərinliyində işləyirlər. Söhbət təxmin etdiyiniz kimi metro işçilərindən gedir.

Ömrünün 25 ilini bu sahəyə həsr edən Bakı Metropoliteni QSC-nin Tunel qurğuları xidmətinin bir nömrəli distansiya rəisi Nemət Aslanov bu illər ərzində yerin altında başına gələn ən maraqlı məlumatları Redaktor.az-la bölüşüb. Həmin maraqlı söhbəti təqdim edirik:

Günlərlə tuneldə qalırdım...

1993-cü il dekabrın 14-ü Bakı Metropolitenində işə qəbul olunmuşam. 25 illik fəaliyyətimin 23 ilini yerin altında keçirmişəm. Burada birinci dərəcəli tunel fəhləsi olaraq fəaliyyətə başlamışam. Daha sonra süni qurğular nəzarətçisi olaraq işləmişəm. Gündüzlər tələbə idim, gecə isə metro işçisi. 2016-cı il aprel ayının 22-nə kimi gecə işində işləmişəm. Bizim işimiz tunelə nəzarət olub. Metroda gərginlik çıxandan sonra gecə saat 2-nin yarısından tunelə enirdik. Gərginliyin verilməsiylə bağlı birinci xəbərdarlıq siqnalına – saat 05:25-ə kimi tuneli tərk edirdik. Bütün gecə ərzində tuneli piyada gəzirdik. Hərənin özünün baxdığı sahələr vardı. Mən “Xətai"-"Cəfər Cabarlı” xəttinə baxırdım. Baş usta olanda alavə olaraq – “İçəri şəhər" -"Sahil" - "28 May” stansiyalarına, üstəgəl “Nizami” stansiya yolunun yarısına kimi baxırdım. Ən dərin stansiyaların tunellərinə gecə nəzarət edirdim.

Metropoliten hər il Bakı Sukanal İdarəsinə milyonlarla pul keçirir

Metro xətləri üçün ən böyük təhlükə yeraltı sulardır. Bu səbəblə, tuneli yeraltı suların təsirindən qorumaq lazımdır. Bəzi sular var ki, onun təzyiqi yüksək olduğu üçün metro tunelinə onu qəbul etmək məcburiyyətində qalırıq. Həmin sular qəbul edildikdən sonra xüsusi quyulara axıdılır, o quyulardan da nasoslarla kanalizasiyaya vurulur. Metropoliten hər il Bakı Sukanal İdarəsinə milyonlarla pul keçirir. Bu, istismar xərclərinin kiçik hissəsidir.

Tunelə tək düşmək olmaz

Bizim iş belədir ki, bir dəfə səhvə yol verdinsə, həyatınla vidalaşmalısan. Məsələn, gərginlik tam çıxmadan tunelə enmək ən böyük təhlükədir. Şükürlər olsun, 23 ildə belə bir hadisəylə qarşılaşmamışam. Bizim işin belə bir qaydası var ki, tunelə tək düşmək olmaz. Ən azından bir nəfər təcrübəli insan da sizin yanınızda getməlidir. Bütün gecə tuneli gəzməyimizə baxmayaraq, yuxumuz gəlmirdi. Hər tərəf işıqlı idi, gecə düşdüyünü hiss etmirdik. Təbii ki, hərdən başımıza xoşagəlməz hadisələr də gəlirdi.

1996-cı ilin mart ayı idi...

Ay ərzində gördüyüm işlərlə bağlı hesabat hazırlayırdım. Zəng gəldi, dedilər ki “Xətai” stansiyasına gedən tuneldə tıxac atıb. İşçilər təzyiqin azalması üçün suyun tunelə daxil olmasına icazə veriblər. Dəniz səviyyəsindən aşağı olduğu üçün suyun təzyiqi artıb, qarşısını ala bilməyiblər. Tunelə çatanda 300-400 metr məsafədən suyun səsini eşitmək olurdu. Həmin yerə çatanda dəhşətə gəldim. 12 nəfər işçi başdan-ayağa gil olmuşdu. Onlar gilli suyun qarşısını ala bilmirdilər. Onun bir variantı var, gərək paltarlarını soyunasan. Çünki gil saqqız kimi paltarlara yapışdıqca ağırlaşırdı, heç bir şey etmək olmurdu. Tez suyun təzyiqini yayındırmağa başladım. Su azalmağa başladı. İnana bilmirdim. Əlimlə gözümün üstünü tutan gili sildim, gördüm ki, həqiqətən də tıxac bağlanıb.

Tunelçidə duyğu güclü olur

Əsil tunelçi tunelin arxa divarında nə baş verdiyini hiss edə bilir. Onlarda bu duyğu güclü olur. Son illər metroda Diaqnostika Kompleksi yaradılıb. Bu kompleks metronun bütün infrastrukturlarının diaqnostik qiymətini verir. O, tunelin arxasında nə baş verdiyini bilir və o hissəni kompüterdə göstərir. Əvvəllər belə şeylər yox idi. Son 5 ildə QSC yaradılandan sonra bu yenilik tətbiq olunub. Son 5 ildə mənim öz distansiyamda həmin boşluqların qarşısını almaq üçün 670 ton sement istifadə olunub. Bu, rekord göstəricidir. Bizdə tunel geoloji vəziyyətə görə daha çox diqqət tələb edir.

Qənirə Paşayeva stansiyaya çatanda qarşımı kəsdi

1998-ci ilin avqust ayı idi. İndiki “Koroğlu” stansiyasında yanğın baş verdi. Gecə saat 2, 3-ün yarısı olardı. O zaman Qənirə Paşayeva diktor idi. Stansiyaya çatanda qarşımı kəsib, məndən açıqlama almaq istədi. Hamı keçidin qarşısında idi. İçəri heç kimi buraxmırdılar. Çünki dəhşətli dərəcədə tüstü çıxırdı, girsək, boğula bilərdik. İçəridən həmin an bir nəfər çıxdı. Boğulmamışdı, onu görüb, tez içəri daxil olduq. Yerli suvurma qurğusunun harada olduğunu biz bilirdik. Su borusunu götürüb, yanğının ocağına tərəf getdim. Söndürmək üçün beton sandığım hündürlüyün üzərinə çıxdım. Sən demə bu, insan meyitləri imiş. Yanğının qarşısını aldıq. Həmin hadisədə 2 insan öldü.

Sərnişinin üstündən avtomat silah çıxdı

Metroda baş verən hadisələrdən biri də belə idi: Təxminən 10-15 il əvvəl olardı. Polis metronun qarşısında şübhələndiyi bir nəfərə yaxınlaşdı. Sərnişinin üstündən yoxlanış vaxtı 2 avtomat silah çıxdı.

Ömrünün 40 ildən çoxunu bu sahəyə həsr edən Bakı Metropoliteninin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin redaktoru Əli Fərəcov metroda qarşılaşdığı hadisələrdən danışıb:

Vaqona girəndə dəhşətə düşdüm, hər tərəf meyit idi...

1995-ci il oktyabr ayının 28-i, şənbə günü idi. Saat 18:00 radələri olardı. Sərnişinlərin metroda ən çox oduğu vaxtda “Ulduz” və “Nərimanov” stansiyaları arasında qatarda yanğın baş verdi. Tunelə ilk daxil olanlardan biri də mən idim. Qatar stansiyadan 100 metr aralıda idi. Nə baş verdiyini bilmirdik. Yanğınsöndürənlər tuneldən çıxandan sonra meyitləri saymaq üçün bizi tunelə apardılar. Piyada qatara tərəf getdik. Birinci vaqon kül olmuşdu. İkinci vaqona girəndə dəhşətə düşdüm, hər tərəf meyit idi. İnsanlar oturduqları yerdə, qadınlar qucaqlarında uşaqlarıyla ölmüşdülər. Onları saymaq üçün kontak relslərinin üzərinə yığdılar. Bir meyit şalvarından qırmağa ilişib, başaşağı qalmışdı. Onun görüntüsü hələ də gözümün önündədir. Qatarı stansiyaya gətirdilər. 300-ə yaxın əsgər gəldi, onlar meyitləri daşıdılar. Baxdıqca insan dəhşətə gəlirdi. Qatar təmirdən yeni gəlmişdi. Texniki problemi varmış. Yanğın bu səbəbdən çıxmışdı. Dispetçerin günahı olmuşdu. Onları qapını səhvən açıb, gərginliyi gec çıxarmışdılar. Qatarın maşinisti də konkret kordinatları deyə bilməmişdi. Özlərini itirmişdilər. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edildi. Həmin hadisədə 289 nəfər həlak oldu. Tunel boru kimi yerdir. Kiçik bir hadisə baş verən kimi bütün tunelə yayılır. İnsanların çoxu zəhərli qazdan boğulmuşdu.

İran şahının xanımı metroda olub

İran şahının xanımı Fərəh xanım 1972-ci ildə Bakıda olub. O, metroya baxmaq istədiyini deyib. Onda metropolitenin rəisi Lütfəli Cahangir oğlu Nuriyev idi. Onun rəhbərliyi ilə Fərəh xanım vaqonun kabinəsinə girib. Maşinist Ələkbər Məmmədov olub. Onu “28 May” stansiyasından “Gənclik” stansiyasına qədər kabinədə aparıblar.

 Əvvəl metro jetonlarla işləyirdi. Tələbələr bundan istifadə edirdi, bir jetonla iki nəfər keçirdi.

“Nizami” və “Elmlər” stansiyası arasındakı tuneli çox çətinliklə tikiblər. Tunelin yarısına qədər su olub. İşçi suya baş vuraraq işləyirdilər.

Tuneli su basdı...

1970-ci illərin axrı idi. “Elmlər” satnsiyasından “İnşaatçılar”a tunel xətti çəkilirdi. Yeraltı sular tunelə dolub, qarşısını ala bilmədilər. İnsanları son anda çıxardılar. Texnikalar orada batdı. Həmin tuneli bağladılar. Digər tunel xətti isə çətinliklə başa gəldi. Günə 1 metr gücnən qazılırdı. Tuneli çəkmək üçün indiki Sankt-Peterburqdan mütəxəssislər gəldi. Suxurları dondurmaqla tunel xəttini çəkə bildilər.

Tələbələr zarafatlaşmaq məqsədilə eskalatorları dayandırır

Metroda eskalatorların dayanmasına səbəb çox vaxt sərnişinlərin özləri olur. “Elmlər” stansiyasında dəfələrlə şahidi olmuşuq. Eskalatorun çıxışında qəza açarı var. Onu söndürəndə eskalatorlar dayanır. Dəfələrlə tələbələr zarafatlaşmaq məqsədilə həmin çıxışı söndürüblər. Sonra həmin çıxış eskalatorlardan yığışdırıldı.

Eskalatorun sürahisi niyə sürətli gedir?

Həmin problem köhnə eskalatorlarda müşahidə olunurdu. Son dövrlər stansiyalarda təmir-bərpa işlərindən sonra eskalatorlar yeniləndi. İndiki alman tipli eskalatorların sürəti aşağıdır. Hazırda köhnə tip eskalator “Nizami” stansiyasında qalıb. Təmir-bərpa işləri vaxtı o da dəyişdiriləcək.

Qeyd edək ki, bu gün Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Xəyalə Məmmədova

Fotolar: Müzəffər İsmayılov

222