"PARÇALANMA VAR fikrini daha yumşaq ifadə etmək olar" - Fuad Muradovdan EKSKLÜZİV MÜSAHİBƏ

 10:52 21.11.2019     10952

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Redaktor.az-a müsahibəsini təqdim edirik:

- Diasporla iş üzrə Dövlət Komitəsinin sədri olaraq, diasporlarımızın fəaliyyətindən razısınızmı?

-  Çox sağ olun! Hər hansı fəaliyyətdən razı olmaq və ya olmamaq, nisbi xarakter daşıyır. Təbii ki, ümumilikdə diaspor sahəsində görüləcək işlər çoxdur. Amma xeyli işlər də görülüb və görülməkdədir. Artıq xaricdə yaşayan soydaşlarımız Diaspor komitəsini onların problemləri ilə maraqlanan, xaricdə yaşayan soydaşlarımızın daim Azərbaycan dövlətinin diqqətində olduğunu öz fəaliyyəti ilə göstərən bir qurum kimi görürlər. Bundan da ruhlanaraq dövlətimiz, dövlətçiliyimiz, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyə çalışırlar. 2018-ci ilin fevral ayında Brüsseldə Azərbaycan diasporu Ümumavropa Qarabağ mitinqi təşkil etmişdir, 20-dən çox ölkədən gələn var idi, 10 dildə şüarlar səsləndirildi. Koordinasiya Şuraları yaradılır, yəni soydaşlarımız özləri birgə fəaliyyət üçün təşəbbüslər göstərirlər. Təbii ki, burada möhtərəm Prezident cənab İlham Əliyevin 06 iyul 2018-ci il tarixli sərəncamı ilə “Azərbaycan Diasporuna Dəstək” fondunun yaradılması da xüsusi qeyd edilməlidir. Fond diaspor siyasəti sahəsində daha mütəşəkkil və davamlı işlər görməyə imkan yaradır.

Komitə olaraq, Azərbaycan diasporunun müxtəlif mövzularda təşkil etdiyi tədbirlərə mümkün dəstəyi göstəririk, müvafiq e-mail bazası formalaşdırılıb ki, xəbərləri, informasiyaları e-maillərinə birbaşa göndəririk, təşkilatların elektron poçtlarını yaratmaları, sosial şəbəkədə aktiv olmaları üçün bütün mümkün texniki dəstəyi göstəririk. Soydaşlarımızın uğurları Diaspor TV, Diaspor FM, sayt, sosial şəbəkə və s. vasitələrlə cəmiyyətə təbliğ edilir. Bütün bunlar- həm diaspor təşkilatlarının tədbirləri, həm Komitənin həyata keçirdiyi tədbirlər xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyətinin təmin edilməsi, onların dövlətimizin maraqları ətrafında daha sıx birləşməsinə xidmət edir.    

- Güneyli soydaşlarımızla da iş aparılırmı? Bu istiqamətdə vəziyyət necədir?

- Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Biz həyata keçirilən tədbirlərdə heç bir ayrı-seçkilik etmirik, nəinki azərbaycanlıları, bütün dost xalqların nümayəndələrini tədbirlərə dəvət edirik. Bizim torpaqlarımız işğal altındadır, bir milyondan çox insanlarımız məcburi köçkün həyatı yaşayır, Xocalıda mülki insanlarımıza qarşı vəhşilik edilib, dünyada türklərə qarşı bir “yalançı soyqırım” iddiası ortadadır və s. Ona görə də bu problemləri dünyaya çatdırmaq, beynəlxalq ictimaiyyətə həqiqəti bəyan etmək üçün bizimlə işləmək istəyən hər kəslə əməkdaşlıq edirik.

- Rusiyadakı diaspor təşkilatları arasında koordinasiyanın təmini üçün hansı işlər aparılır?

- Rusiya Azərbaycana dost və qonşu ölkədir. Orada minlərlə soydaşımız yaşayır. Ona görə də, təbii ki, Rusiyada da Azərbaycan diasporunun fəaliyyəti diqqət mərkəzindədir. Koordinasiyaya gəldikdə, konkret bir şuranın yaradılmasını deyirsizsə, bu təşəbbüs yerlərdən, soydaşlarımızdan gəlməlidir. Necə ki, digər ölkələrdə yaşayan azərbaycanlılar bunu edirlər. Ümumi koordinasiyaya gəldikdə isə, əməkdaşlıq çərçivəsində tədbirlər keçirilir, Dövlət Komitəsinin nümayəndələri gedib iştirak edir, diaspor nümayəndələri ilə görüşlər keçirilir.   

- Rusiya KİV-də erməni diasporasının kifayət qədər nümayəndəsi var. Tez-tez Azərbaycan əleyhinə fəaliyyətləri ilə gündəmə gəlirlər. Niyə onların qarşısına çıxarmaq üçün oradakı Azərbaycan diasporu işlər görmür?

- Bu fikrin birinci hissəsi ilə razıyam, amma, zənnimcə ikinci hissə o qədər də ədalətli yanaşma deyil. Azərbaycan diasporu, soydaşlarımız ümummilli məsələlərdə birdir və hər zaman bu məsələlərə həssaslıqla yanaşırlar. Fəaliyyətin olması dedikdə, bilmirəm nəyi nəzərdə tutursuz, amma soydaşlarımız belə hallara öz haqlı münasibətlərini bildirir, müvafiq qurumlara etiraz məktubları göndərir, görüşlər keçirib ədalətli mövqe tələb edirlər. Bütün bunlar fəaliyyətin bir hissəsidir.   

- Avropadakı diaspor təşkilatları arasında da parçalanmalar var. Xüsusilə, bunların arasında müxaliflər də yer alır. Bu təşkilatlar arasında koordinasiyanı necə təmin edirsiniz?

- "Parçalanma var" fikrini daha yumşaq ifadə etmək olar, fikir ayrılıqları var və bu ayrılıqlar da təşkilatlar deyil, fərdlər səviyyəsindədir. Yəni, fikir ayrılıqları fərdi xarakter daşıyır və bu da müəyyən mənada təbiidir, hamı eyni düşünə bilməz. Az sayda olsa da, fərqli yanaşanlar da var. Dövlət Komitəsinin öz funksiyaları var. Əsasnamə ilə müəyyən edilən, möhtərəm cənab Prezident tərəfindən qarşıya qoyulan və s. Biz tapşırıqların icrasında, öz funksiyalarımızın yerinə yetirilməsində fərq qoymuruq və hamıya eyni yanaşırıq.

- Bütün dünyada diasporlar dövlətə yardım edir. Bizdə isə əksinə... Bunun səbəbi nədir?

- Sualın birinci hissəsi ilə tam razıyam, amma bizdə əksinədir ifadəsini qəbul etmirəm. Dövlətə və dövlətçiliyə müxtəlif formalarda xidmət göstərmək, yardım etmək olar. Hər kəs öz üzərinə düşəni edirsə, xalqını, dövlətini layqincə təmsil edirsə, bu özü də dövlətə bir yardımdır, dəstəkdir. Konkret olaraq, iqtisadi prizmanı nəzərdə tutursunuzsa, bu istiqamətdə işlər gedir. Möhtərəm cənab Prezident də dəfələrlə öz çıxışlarında ölkəmizdə sahibkarlığın inkişafını, sahibkarlara əlverişli mühitin formalaşdırılması üçün müvafiq qurumlara tapşırıqlar verir. Tapşırıqların icrası, eyni zamanda xaricdə yaşayan soydaşlarımızla əlaqələrin gücləndirilməsi bu istiqamətdə də öz bəhrəsini verəcəkdir.  

- Vəziyyət dəyişə bilərmi?

- İşlər gedir, görüşlər keçirilir, xaricdə Azərbaycan evləri, ticarət evləri açılır. Məhsullarımız tanıdılır, xaricdə yaşayan iş adamlarının ölkəmizə səfərləri təşkil edilir. Yeri gəlmişkən, yaxın gələcəkdə xaricdəki iş adamlarımızın bir forumunun da keçirilməsini planlayırıq. Bütün bunlar, xaricdə azərbaycanlı iş adamlarının ölkəmizə investisiya qoyuluşlarına cəlb edilməsinə xidmət göstərir. Hazırda da, belə nümunələr vardır, amma təbii ki, daha çox olması daha yaxşıdır. 

- Bizə qardaş ölkə Türkiyədə Azərbaycan diasporasının fəaliyyəti sizi qane edirmi? 

- Möhtərəm cənab Prezident İlham Əliyevin, artıq şüara çevrilmiş, belə bir fikri var: “Bir millətin iki diasporu olmaz”. Türkiyə-Azərbaycan qardaş dövlətlərdir. Təbii ki, Türkiyədə də çoxsaylı soydaşlarımız yaşayır. Dövlət Komitəsi ilə Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi də imzalanıb. Qarşılıqlı əməkdaşlıq  edərək Türkiyədə yaşayan azərbaycanlıların da problemlərini diqqət mərkəzində saxlayırıq, Azərbaycanın və Türkiyənin müvafiq qurumlarının iştirakı ilə problemləri həll etməyə çalışırıq. Məsələn, Türkiyədə yaşayan bir qisim soydaşımızın məskunlaşma ilə bağlı sənədləri yoxdur, şəxsiyyəti təsdiq edən sənədləri yoxdur. Bu səbəbdən də onların övladları məktəbdən kənarda qalır, tibbi xidmət ala bilmir. Bütün bunlar diqqətimizdədir və həlli istiqamətində, müvafiq qurumlarla birlikdə, mərhələli işlər görülür.   

   

Firuzə Vahid / REDAKTOR.AZ