Vəziyyət KƏSKİN şəkildə dəyişə bilər: Son 3-4 ayda... - Fərid Şəfiyevin EKSKLÜZİV MÜSAHİBƏSİ

 11:00 29.11.2019     4748

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin Redaktor.az-a müsahibəsini təqdim edirik:

- Son dövrlərdə hökumətin Dağlıq Qarabağ siyasətində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rolunun artması müşahidə edilir. Bu nə ilə əlaqəlidir?

- Dağlıq Qarabağ Ermənistan-Azərbaycan dövlətləri arasında olan münaqişədir. Daha doğrusu, iki ölkə arasında olan problemin bir hissəsidir. Bu məsələ Azərbaycanın həm daxili, həm də xarici siyasətində hər gün gündəmdə olan məsələdir. Doğrudur, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni yaradılmış qurumdur. Yeni yaradılmasına baxmayaraq, bizim fəallığımız Azərbaycanın ən böyük problemi olan Qarabağın münaqişəsinin hələ də həll edilməmiş qalmasıdır. Ona görə də, biz bu məsələ ilə hərtərəfli şəkildə məşğul olmalıyıq.

- Fərid müəllim, bəs, Qarabağ münaqişəsi ətrafında son vəziyyəti necə qiymətləndirirsiniz?

- Məsələni belə qiymətləndirərdim: Hazırkı dövrdə danışıqlar formal xarakter daşıyır. Paşinyan hökuməti bu məsələni dondurulmuş şəkildə saxlamaqda maraqlıdır. Hətta Paşinyanın münaqişənin həlli üçün hansısa addımlar atacağı da inandırıcı görünmür. Sarkisyan, Köçəryan dövründə Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı yollar axtarırdılar. İndiki hökumət heç onu da etmir. Bu, Paşinyanın daxili siyasətdə vəziyyətinin mürəkkəb olmasından irəli gələ bilər. O, hələ də “Qarabağ klanı” tərəfindən müxtəlif məsələlərdə ittiham olunur. Münaqişə ətrafında gedən danışıqlar prosesi çərçivəsində hər hansı kompromisə gedə biləcəyi ilə bağlı ittihamlar da Paşinyan hökumətinə qarşı tez-tez səsləndirilir. Təəssüf olsun ki, Ermənistanın millətçi mühitində böyüyən nəsil yetişib. Ermənistanın həm elitası, həm də ictimaiyyəti ən radikal, ən ekstremist mövqe tutur. Belə bir şəraitdə onlar kompromisə getməzlər. Çünki erməni cəmiyyəti Azərbaycan torpaqlarının işğaldan azad olunmasına hazır deyil. Hazırkı situasiyada Paşinyanın vəziyyəti çətindir və hər hansı addım atmaq istəmir.

- Belə olan halda danışıqları niyə davam etdirməliyik?

- Biz, Ermənistanın daxili siyasəti ilə bağlı da monitorinqlər edirik. Danışıqlar prosesində Azərbaycan tərəfinə belə bi fikir söylənilirdi ki, Ermənistanda hazırda daxili böhran baş verir. Ona görə də bizdən səbrli olmağı tələb edirlər. Amma bu fikirləri biz 10-15 ildir ki, eşidirik. Hər dəfə də bundan erməni tərəfi istifadə edərək münaqişəni dondurulmuş vəziyyətdə saxlayır. Halbuki münaqişə tam da dondurulmuş deyil. 2016-cı ilin Aprel hadisələri göstərdi ki, vəziyyət kəskin şəkildə dəyişə bilər. Ancaq təəssüflə qeyd etməliyəm ki, yaxın zamanlarda bu münaqişənin həll ediləcəyi gözlənilmir. Bu, heç bir pessimizmə səbəb olmamalıdır. Dünyada bir sıra münaqişələr var. Hansılar ki, onlar 10 illərlə davam edir. Biz (diplomatlar, düşüncə mərkəzləri, jurnalistlər) öz işimizi davam etdirməliyik.

-  Bir nüansı qeyd etdiniz ki, Aprel döyüşləri məsələni tamamilə dəyişməyin mümkün olduğunu göstərdi. Bəs, biz Aprel döyüşlərinin nəticələrindən kifayət qədər istifadə edə bildikmi? Hazırda konfliktin həlli imkanlarını nə artıra bilər?

- 2016-cı il Aprel hadisələri ilə bağlı artıq ölkə rəhbərliyi, o cümlədən Müdafiə Nazirliyi səviyyəsində mövcud vəziyyət şərh edilib. Bizim ordumuz daha da irəli gedə bilərdi. Lakin buna Rusiya imkan verməyib. Rəsmi Moskvanın müdaxiləsindən sonra əməliyyatlar dayandırılıb. İndi də geosiyasi vəziyyət dəyişməyib, mürəkkəbdir. Bu münaqişəni hazırda Azərbaycan hərbi yolla həll edə bilmir. Amma bu o demək deyil ki, gələcəkdə də bunu edə bilməyəcəyik. Çünki zamanla geosiyasi vəziyyət dəyişə bilər.

- Bu vəziyyəti necə dəyişdirə bilərik?

-  Hazırda masada əsas müzakirə olunan həll planı Madrid prinsipləridir. Bu prinsiplər 2007-ci ildə uzun aparılan danışıqlardan sonra irəli sürülmüşdü. Daha sonra bu sənəd 2009-cu ildə yenilənmiş Madrid prinsipləri adı altında müzakirə olunmağa başladı. Danışıqlar tərəflərin mövqeyini müəyyən dərəcədə müzakirə etməyə imkan verir. Amma açığı deyim ki, son 3-4 ayda olan hadisələr bu danışıqların imitasiya xarakterli olmasını göstərir. May və sentyabr ayında tərəflərin görüşlərini xatırlayaq. Həmin dövrdə ermənilər qəsdən sərhəddə təxribat törədərək, Azərbaycan əsgərini və yüksək rütbəli zabitini öldürdülər. Bu, ciddi təxribat idi. Bu cür provakasiyalar onu göstərir ki, ermənilər danışıqları formal olaraq davam etdirmək istəyir. İndiki situasiyada bizim tərəfimizdən danışıqların dayandırılmasını elan etmək isə, diplomatik cəhətdən məqsədəuyğun deyil. Çünki bu zaman beynəlxalq ictimaiyyət və həmsədrlər Azərbaycanın qeyri-konstruktiv mövqe tutmasını iddia edəcəklər. Amma biz may ayından bu yana aparılan danışıqların formal xarakter daşıması ilə bağlı mövqeyimizi də qəti şəkildə bildirməliyik. 

- Ermənistanın baş naziri Nikol Paşinyanın istər ölkə daxilində, istərsə də xarici tribunalarda çıxışlarında Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarının artmasının səbəbi nədir?

- Bu münaqişə onlar üçün də bir nömrəli problemdir. Ermənistan hökuməti də bu problemlə məşğul olur. Paşinyan üçün Qarabağ problemi ona miras qalan ağrılı yükdür. O, hakimiyyətə inqilab, islahat şüarları ilə gəlib. Bir ildən çox keçməsinə baxmayaraq, o, verdiyi vədlərə əməl edə bilməyib. Ölkənin vəziyyətində hər hansı ciddi irəliləyiş  yoxdur. Bu gün Ermənistanda ciddi islahatlar baş vermir. Çox güman ki, Paşinyan dərk edir ki, münaqişə həll, Ermənistan təcrid siyasətindən azad olunmadan hər hansı ciddi islahat baş verə bilməz. Ermənilər hazırda bir tələdə qalıb. Lakin buna baxmayaraq, onlar danışıqlarda kompromisə getmək istəmir. Buna görə də, Ermənistanın iqtisadi inkişafı mümkün olmur.

- Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri oldu. Bu proses təxminən 10 il əvvəl də olmuşdu. Son səfərləri necə qiymətləndirirsiniz?

- İndiki mərhələdə xalq diplomatiyası və yaxud “ikinci yol” diplomatiyası effektiv ola bilməz. Diplomatiya nəzəriyyəsində belə bir fikir var ki, etimad mühitinin yaxşılaşdırılmasına yönəlmiş addımlar faydalıdır. Bu, o halda ola bilərdi ki, danışıqlarda heç olmasa mühitin müsbət olduğu müşahidə edilsin. O zaman xalq diplomatiyası rəsmi diplomatiyaya müəyyən bir dəstək verə bilərdi. Konkret olaraq, jurnalistlərin qarşılıqlı səfərləri hələ 2019-cu ilin yanvar ayından razılaşdırılmışdı. Azərbaycan konstruktivlik göstərərək, buna razılıq vermişdi. Bu səfərlərdən hər hansı ciddi nəticə gözləmək lazım deyil. Onsuz da jurnalistlər, elmi işçilər, vaxtaşırı 3-cü ölkələrdə görüşürlər. Yəni bu qarşılıqlı səfərlər hər hansı bir yenilik deyil. Jurnalistlərin bir-biri ilə ünsiyyətdə olmasının hər halda zərəri də yoxdur.

-  Qarşılıqlı səfərlərin nəticəsi olaraq, erməni jurnalistlərin aktivliyi müşahidə edildi. Amma bunu, bizim Ermənistana gedən jurnalistlər barədə söyləmək səmimi olmayacaq.  Bu, nə ilə bağlıdır?

- Mən onların adından heç nə deyə bilmərəm. Ola bilsin ki, onlar oradakı təəssüratları haqqında düşünürdülər. Yalnız bundan sonra ictimaiyyətə orada gördükləri ilə bağlı yazılar təqdim etdilər.

- Sizcə, jurnalistlərin səfəri xüsusilə aralarında qarabağlı jurnalistin də olması Azərbaycanın de-fakto separatçı rejimlə münasibətlərə başlaması mənasına gəlirmi?

- Yox. Bundan söhbət belə gedə bilməz. Bu səfər xalq diplomatiyası çərçivəsində olan bir addımdır. Dağlıq Qarabağda Azərbaycan vətəndaşları olan erməniləri biz müxtəlif forumlarda görürük. Yəni Dağlıq Qarabağın hər hansı statusunun tanınması mümkün deyil. Buna Azərbaycan getməyib və heç vaxt getməyəcək.

- Xarici ölkələrdə keçirdiyiniz görüşlər intensiv xarakter almaqdadır. Bu görüşlər hansı nəticələr verir?

- BMTM fevral ayında yaranmasına baxmayaraq, fəaliyyətə avqust ayından başlayıb. Maliyyələşmə prosesi getdiyinə görə proses bir az uzandı. Son 3-4 ayda bizim səfərlər etmək imkanımız yaranıb. Düşüncə mərkəzi olaraq, əsas fəaliyyətimiz elmi dairələr, mütəxəsislər arasında olur. Türkiyə, Rusiya, Belarus və Gürcüstanda səfərdə olmuşam. Bundan başqa İsveçrə, Qazaxıstan və s. ölkələrdə də görüşlər keçirmişəm. Mənim fəaliyyətimin bir sıra məqsədləri var. Birincisi, həmin ölkələrdə olan tərəfdaşlar, düşüncə mərkəzləri ilə əməkdaşlıq, məlumat mübadiləsi yaratmaqdır.  Eyni zamanda Gürcüstan, Rusiya, Türkiyə, Belarusda olan ekspertlərin münaqişə və ikitərəfli əlaqələrlə bağlı mövqeyini öyrənmək fəaliyyətimin əsas hissəsidir. Paralel olaraq biz münaqişə və regionda olan vəziyyətlə bağlı öz fikirlərimizi onlara çatdırmaq istəyirik. Bu baxımdan keçirdiyim görüşlər faydalı olub. Artıq gələn il üçün biz müəyyən tədbirlər planı hazırlamışıq. İndidən bu haqda danışmaq istəməzdim. Xüsusilə, Türkiyə və Rusiyada olan düşüncə mərkəzləri ilə müəyyən tədbirlərimiz, araşdırma layihələrimiz olacaq.

- Bəs, BMTM düşüncə mərkəzi kimi ölkə ətrafında olan geosiyasi vəziyyəti necə təhlil edir?

- Mühit çox gərgindir. Burada Rusiya-Qərb gərginliyi və ABŞ-İran arasında olan mürəkkəb proseslər birbaşa Azərbaycana da siyasi və iqtisadi cəhətdən öz təsirini göstərir. Azərbaycanın apardığı xarici siyasət, aparılan islahatlar hələ ki, ölkəmizdə daxili sabitlik mühitini qoruyur. Amma ümumiyyətlə, biz mərkəz olaraq vəziyyəti ciddi təhlil edirik. Burada təkcə Qarabağ münaqişəsindən söhbət getmir. Çünki bizim sərhədlərimizin yaxınlığında qlobal güclər arasında iki ciddi mübarizə gedir. Bu çərçivədə Yaxın Şərqdə olan hadisələr, Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar Azərbaycanın siyasətini müəyyənləşdirmək üçün olduqca vacibdir. Bizim xarici siyasətimiz düşünülmüş şəkildə aparılmalıdır və necə ki, ölkə rəhbərliyi tərəfindən aparılır. BMTM olaraq bu işə töhfəmiz mərkəzin ekspertləri tərəfindən vəziyyəti müşahidə etmək, təhlillər aparmaq, hökumətə müəyyən məlumat və tövsiyyələr verməkdir.

- Qeyd etdiyiniz kimi ölkə ətrafında geosiyasi vəziyyət çox gərgindir. Sizcə belə situasiyada Qarabağda status-kvonun saxlanılması Azərbaycan üçün önəmli ola bilərmi?

- Ölkə ətrafında olan gərginlik münaqişənin həll edilməsi ilə bağlı mühitə öz mənfi təsirini göstərməkdədir. Xüsusilə, Rusiya və Qərb arasında olan gərginlik Qarabağ münaqişəsinə də öz təsirini göstərməkdədir. Amma münaqişədə status-kvonun saxlanılması bir az başqa məsələdir. Burada bir neçə oyunçu var. Münaqişədə status-kvonun saxlanılması xüsusilə Rusiyanın buradakı rolu ilə bağlıdır. Hələ ki, geosiyasi vəziyyət bizə imkan vermir ki, status-kvonu dəyişdirək. Amma biz hər zaman demişik ki, status-kvo qəbuledilməzdir. Bunu həmsədrlər də dərk edirlər. 2016-cı il hadisələri boş yerə baş verməmişdi. Biz dövlət, ordu quruculuğu, diplomatiya və elm sahəsində öz işimizi davam etdirməliyik.

- Bəs, son dövrlərdə Azərbaycanın Rusiya ilə daha da yaxınlaşması konfliktin həllinə necə təsir göstərəcək? Bu, Qərbə inteqrasiya siyasətinə mane olmur ki?

- Konfliktin həllində Rusiya mərkəzi rola malikdir. Amma bizim Rusiya ilə yaxınlaşmağımız Qərbə inteqrasiya siyasətinə təsir etmir. Bizim Qərblə əlaqələrimiz inkişaf edir. Avropa Birliyi ilə imzalanması planlanan müqavilə ilə bağlı danışıqlar davam etdirilir. İkitərəfli sənəd bir sıra bölmələrdən ibarətdir. AB və Azərbaycan arasında bütün siyasi bölmələrdə razılaşma əldə edilib. İqtisadi bölmədə razılaşdırılmayan bir sıra məqamlar var ki, onların ətrafında müzakirələr aparılır. Gələn ay mənim də Brüsselə səfərim nəzərdə tutulub. Qərblə əlaqələrimizdə hər hansı fasilədən söhbət gedə bilməz, lakin Azərbaycan tam bərabər hüquqlu tərəfdaş kimi qəbul olunmalıdır. Digər tərəfdən biz hər zaman Rusiya ilə siyasətə prioritet kimi baxmışıq. Amma Rusiyanın xarici işlər naziri Serqey Lavrovun İrəvana son səfərində səsləndirdiyi fikirləri unutmaq olmaz. Orada Lavrovun səsləndirdiyi fikirlər onu göstərir ki, Rusiya bununla balanslı siyasət yürütdüyünü düşünür. Bu faktoru heç vaxt yadımızdan çıxartmamalıyıq.

- Bəs münaqişənin həlli üçün təklif olunan "Lavrov planı" adlanan planın yenidən gündəmə gəlməsi ehtimalı varmı?

-  Məndə olan məlumata görə, danışıqlar çərçivəsində "Lavrov planı" adlı bir plan müzakirə edilmir. Lavrov Rusiyanın xarici işlər naziridir. O, fərdi şəkildə fəaliyyət göstərmir. Hətta İrəvana səfər, orada səsləndirdiyi fikirlər, elə Rusiyanın mövqeyidir. Ola bilsin ki, Lavrovun subyektiv fikirləri də səsləndirilən açıqlamalara təsir göstərib. Xüsusilə qeyd etmək istərdim ki, onun II Dünya müharibəsinə Ermənistanın, ermənilərin verdiyi töhfəni qabartmaq üçün İrəvan səfəri baş tutmuşdu. Yəni Lavrov tərəfindən şəxsi təşəbbüs hesab olunacaq addımlar burada atılmış ola bilər. Amma bütün hallarda Sergey Lavrov Rusiyanın xarici işlər naziridir. Və onun səsləndirdiyi fikirlər, atdığı addımlar Rusiya hökumətinin atdığı addımlardır. Azərbaycana Rusiyadan olan müəyyən təkliflər (Lavrovun planlarını, fikirlərini deyil, məhz Rusiyadan olan təklifləri) ola bilsin ki, var. Amma ümumilikdə bu, Rusiyanın planıdır. Lavrov fərdi şəkildə bunu təklif etmir. Elə jurnalistlərin qarşılıqlı səfərləri də Rusiyadan olan təşəbbüsdür. Ümumilikdə, danışıqlarda igündəmdə olan, müzakirə edilən plan Madrid prinsiplərindən irəli gələn sənəddir.

Firuzə Vahid / REDAKTOR.AZ

FOTO : Müzəffər İsmayılov