Koronavirus ABŞ-Çin müharibəsinə səbəb ola bilər - Dünyanı gözləyən fəlakət....

 13:08 23.04.2020     15891

Artıq aylardır dünyaya hökmranlıq edən koronavirus pandemiysı gündəminin əsas mövzusuna çevrilib. ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında sözügedən pandemiyanın Çin tərəfindən xüsusi olaraq hazırlandığını iddia edib. Tramp iddiasının təsdiqləndiyi təqdirdə, Çinə qarşı ciddi tədbirlər görəcəyini açıqlayıb.

Tanınmış politoloq Qabil Hüseynlinin mövzu ilə bağlı Redaktor.az-a müsahibəsini təqdim edirik:

- Qabil bəy, son günlərin əsas mövzularından biri, karonavirusun Çində xüsusi olaraq hazırlanmasıdır. Siz bu haqda nə düşünürsünüz? 

- Çin bir neçə ildir ki, dünyanın əsas gücünə çevrilməyə çalışır. Amma rəsmi Pekinin bu yöndə atdığı addımlar, beynəlxalq hüquq normalarına qəti şəkildə uyğun gəlmir. Xüsusilə, Çinin siyasi rəhbərliyinin virusun ciddi təhlükəyə çevrilə biləcəyi ilə bağlı ÜST-ü məlumatlandırmaması, həmçinin vaxtında həyacan təbili çalmaması, bütün dünyanın, xüsusilə ABŞ və digər qərb ölkələrinin Çinə qarşı sərt mövqe almasına səbəb olub. Çünki, Çinin bu davranışı səslənən iddiaların doğruluğuna inamı daha da artırır və ortalığa bəzi şübhələr qoyur. Bu şübhələrdən biri karonavirusun yarasadan insana keçməsi məsələsidir. Ola bilər ki, virus hansısa heyvandan yaranıb, amma virusun böyük təhlükəyə çevrilməsində insan əlinin olduğu şübhəsi get-gedə daha çox artır. Gələcəkdə bu ehtimallar təsdiqlənsə, Çinin beynəlxalq məhkəməyə verilməsi məsələsi də gündəmə gələ bilər. Bu da təkcə ABŞ və qərbi deyil, ümumilikdə bütün ölkələri maraqlandıran məsələdir. Bu baxımdan Çinin bu məsələ ilə bağlı çox ciddi problemləri ola bilər.  

-  Hazırda iqtisadi baxımdan zəifləyən ABŞ Çinə qarşı hansı sərt addımlar atıla bilər?

- ABŞ çox nəhəng bir dövlətdir, onun güclü iqtisadiyyatı var. İkinci Dünya müharibəsindən bu yana ABŞ iqtisadiyyatı dünyanın 25 faizini təşkil edir. Bu da çox böyük rəqəmdir. Hazırda Birləşmiş Ştatların iqtisadi durumunda geriləmə yaşansa da, bu, çox uzun çəkməyəcək. Keçmişə nəzər salanda görərik ki, ABŞ dəfələrlə belə böhranla üzləşib, bir müddət sonra isə canını qurtarmağı bacarıb. Hətta deyərdim ki, ABŞ hər bir böhrandan daha da güclənmiş vəziyyətdə çıxır. Bu baxımdan, ABŞ  indiki vəziyyətində də Çinə qarşı sərt addımlar ata biləcək gücə sahibdir. Bu addımları həm hərbi yolla, həm də iqtisadi sanksiyalarla həyata keçirə bilər. Əgər Trampın iddiaları təsdiqlənsə, Pekin üçün heç də yaxşı nəticələr olmayacaq.

- Çin iqtisadiyyatı illərdir ki, sürətlə inkişaf edir. Bu inkişafdan istifadə edib, digər ölkələrin üzərində liderlik etməyə çalışır?

- Bəli, Çin iqtisadiyyatı günü-gündən inkişafa doğru gedir. Əslində, bu inkişafda ABŞ və Avropa ölkələrinin də rolu böyükdür. Avropanın, xüsusi ilə ABŞ-ın bir çox böyük şirkətləri ucuz işçi qüvvəsinə görə Çində fəaliyyət göstərir. Çin isə bu durumdan istifadə edərək, özünün sənaye sahəsini formalaşdırır. Bu, Barak Obama dövründə daha çox özünü göstərirdi. Amma Tramp hakimiyyətə gələndən sonra Çinə qarşı müəyyən qədər sərt addımlar atmağa başladı. Çünki, Çinin sürətli inkişafı Amerikanı ciddi narahat etməyə başlamışdı. Amma hər bir halda, Çin heç vaxt ABŞ və digər böyük Avropa ölkələri üzərində liderlik edə bilməz. Yəni, ABŞ buna heç vaxt yol verməz. Buna cəhd etmək istəməsi belə ona baha-başa gələ bilər. Ümumiyyətlə, birmənalı olaraq qəbul edilməlidir ki, Amerika üzərində heç bir ölkə hegamonluq edə bilməz. 

- Qabil bəy, dünyanın ümumi siyası arenasında karonavirusdan sonra hansı dəyişikliklər gözlənilir?

- Hazırkı gedişata nəzər salsaq, görərik ki, dünya iqtisadiyatında müəyyən qədər böhran yaşanır. Bundan da  bir çox ölkələr müəyyən qədər əziyyət çəkir. Amma hesab edirəm ki, bu proses çox da uzun çəkməyəcək. Qısa zamanda vəziyyət yaxşılığa doğru dəyişəcək. Qaldı ki, siyasi arenada baş verə biləcək dəyişikliyə, düşünürəm ki, çox ciddi dəyişikliklər olacaq. Hesab edirəm ki, virusdan sonra dünyada yeni nizam qurulacaq, bir çox məsələlərə, problemlərə baxışlar dəyişəcək. Həmçinin, bir çox problemli məsələlər də var ki, onların da həllinə dair daha ciddi addımlar atılacaq. Yeni qurulan nizam müharibələrin də həllində çox mühim rol oynayacaq.

Qarabağ problemi ilə bağlı da virusdan sonra yaxşıya doğru irəlləyiş olacaq. Qısası, əvvəlki dəyərlər, maraqlar, bütövlükdə yenilənəcək. Bu isə fikrimcə, yaxşı yönə doğru olacaq.

Mahir Ələkbərov / Redaktor.az