Türkiyə və Misir ordusu qarşı-qarşıya - MÜHARİBƏ OLACAQ?

 12:47 30.06.2020     1010

Yunan mətbuatı Misirin Liviyaya qoşun yeridəcəyini və bununla bağlı Misir Prezidentinin orduya hazır olmaları ilə bağlı göstəriş verdiyini yazıb.

Misirin Liviyaya qoşun göndərməsi, birbaşa Haftara dəstək verməsi və bölgədə Türkiyə ilə qarşı-qarşıya gəlməsi nə dərəcədə realdır?  

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Yaxın Şərq üzrə mütəxəssis, politoloq Vüqar Zifəroğlu bildirib ki, Qərb və yunan mətbuatında Misir və Türkiyə arasında qarşıdurma yaratmaq üçün müəyyən manipuliyasiya aparılır:

“Misir hökuməti bir neçə gün öncə açıqlama yaydı və bildirdi ki, bizim sözlərimiz düzgün başa düşülmür və Liviyaya birbaşa hərbi müdaxilə etmək kimi bir fikrimiz yoxdur.

Amma Qərb və xüsusilə Yunanıstan tərəfi Türkiyə və Misiri qarşı-qarşıya qoymaq üçün belə bir fikir formalışdırmağa çalışır ki, guya Misir Liviyaya müdaxilə etməyə hazırlaşır. Lakin hələ ki, bu istəkləri baş tutmur. Çünki, Türkiyə vəziyyəti yaxşı başa düşür və heç bir oyuna aldanmır”.

Politoloq bildirib ki, Misirin Liviyaya birbaşa hücüm edərsə, bunun ağır nəticələri ola bilər:

“Misirin Liviyada qanuni hökumətin əlehinə olan tərəfə rəsmi şəkildə hərbi dəstək verməsi, Türkiyə ilə bölgədə qarşı-qarşıya gəlməsi Yaxın Şərqdə çox ciddi vəziyyət yarada bilər.

Bu, suveren bir ölkənin BMT tərəfindən tanınan qanuni hökumətinə qəsdi deməkdir. Həmçinin, baş verənlər Türkiyə qarşı savaş açmaq anlamına gələr ki, rəsmi Qahirə belə bir riskə getməz. Əks halda bunun bədəlini çox ağır şəkildə ödəyə bilər. Bu baxımdan Misirin Liviyada Türkiyə ilə qarşı-qarşıya gəlməsi gözlənilmir, hətta belə bir versiya mümkün deyil”.

Mahir Ələkbərov / Redaktor.az