Həmsədrlər bəyanat yaydı
ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şofer (ABŞ) iyulun 12-13-də Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlə bağlı bəyanat yayıblar.
Redaktor.az-ın verdiyi xəbərə görə, bəyanatda bildirilib ki, Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin və digər mənbələrin məlumatına görə, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi şəkildə pozulması nəticəsində itkilər olub, hər iki tərəfə məxsus qüvvələrin müxtəlif kalibrli artilleriyalardan istifadə etdiyi bildirilir.
Qeyd olunub ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik itkilərin olmasına təəssüflənir, həlak olanların ailələrinə başsağlığı verir: "Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi insident başlayandan bəri Ermənistan və Azərbaycan rəsmiləri ilə birbaşa təmasda olublar". //APA












