Onlar döyüşə hazırlaşır - Azərbaycanda müharibə ab-havası...
Azərbaycan tarixi təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Onların arasında döyüşçülər də az deyil.
Bəs, Qarabağda müharibə başlayarsa, Azərbaycan qadınları düşmənlə döyüşə qatılarmı?
Redaktor.az sözügedən məsələ ilə bağlı sosial şəbəkədə sorğu keçirərək, xanımların fikrini öyrənib:
Sorğunun nəticələrini təqdim edirik:
Günel Habilqızı Feyzullayeva: Xocalıda soyqırım törədiləndə 12i yaşım var idi. Elə həmin vaxtdan da bütün həyatımı düşmənlə mübarizəyə həsr etməyə qərar verdim. Bu məni hərb sahəsinə gətirdi. Səhhətimlə əlaqədar təhsilimi tamamlaya bilməsəm də, bu istiqamətdə bilik və bacarıqlara sahibəm. Hərbi tibbi təhsil də almışam. Ehtiyatdayam, hər an silaha sarılmaq üçün hazıram.
Nərgiz Çərkəzqızı: Canım qardaşım Qarabağda şəhid olub. Onun qanını yerdə qoymayacam, öz əllərimlə intiqamını almalıyam. Bəlkə o vaxt ürəyim soyuyar. İntiqamım bir başqa olacaq...
Esmira Qasımova: Mütləq döyüşə qatılacam. Artıq könüllü olaraq yazılmışam da. Vətəni işğal altında olan məmləkətin qadınları incə, zərif olmamalıdır. Özümüz də döyüşməli, böyütdüyümüz övladlarımızı, ərlərimizi də torpaqlarımızı almağa sövq etməliyik!
İlahə Elyarovna: İnanmıram kimsə mənə silah verə, buna baxmayaraq həkim olaraq döyüşdə iştirak etməyə həmişə hazıram.
Aytən Məftun: Bəli, gedərəm!
Fidan Vəliyeva: Əlbəttə ki, gedərəm. Səfərbərlik Xidmətinə könüllü müraciət etdikdən sonra, hemcinslərimə də qeydiyyatdan keçməklə bağlı çağrış etdim. Ondan sonra nə qədər ürəkli xanımlarımız qeydiyyatdan keçdi.
Turan Ədalətqızı: Zərurət olarsa, çəkinmədən bu addımı ataram. Demirəm əlimə silah alıb, düşmənin üstünə şığıya bilərəm, ən azından arxa cəbhədə bir köməyim olsun istəyərəm. Qardaşlarının, oğullarının, ərlərinin arxasında dayanmaq isə Azərbaycan xanımlarına xas xüsusiyyətdir.
Dürrə Həsənova: Tovuzda baş verənlər zamanı rəhbərliyə könüllü hərbi jurnalist kimi getməyi təklif etdim, həm də qeydiyyatdan keçmişəm. Gələcəkdə övladımın bu vətənə nə qədər borcu olub-olmadığını deyə bilmərəm, amma qarabağlı olaraq mənim borcum çoxdur. Hələ də qatar səsi eşidəndə diksinirəm, çünki işğal vaxtı Bakıya qatarla gəlmişdim, onun travması 31 yaşımda da məni tərk etmir.
Ülviyyə Səmədova: Aslanın erkəyi, dişisi olmaz!
Leyla: Öncə hərbi və tibbi təlim keçərdim. Çünki təlimsiz müharibədə iştirak etmək yardımdan çox əngəl yaradar.
Ondan sonra, "Bilsin Ana torpaq, eşitsin Vətən! Müsəlləh əsgərəm mən də bu gündən!" deyərdim...
Aytən Əskerova: Atam qazidir, bizi də əsl əsgər kimi böyüdüb. Əlbəttə, bu vətənin övladıyamsa, mənim də döyüşə getmək borcumdur.
Aytac Sahəd: Təbii ki, gedərəm. Getməliyəm! Mən övladlarıma müharibə miras qoymaq istəmirəm. Əgər qan töküləcəksə, bu qan mənim qanım olsun.
Aynurə Əmirova: Bəli, özü də snayperçi kimi gedərəm!
Aləmdə Nəsib: Əlbəttə ki, xeyr. Hər kəs öz bildiyi, bacardığı sahədən dəstək, kömək olmağa çalışsa, daha uğurlu nəticə əldə etmək olar. Döyüş təkcə səngərdə getmir. Arxa cəbhədən də dəstək lazımdır. Silah görmüş kişilər olan yerdə bu barədə təcrübəsi olmayan xanımların, "silah verin, düşmənlə döyüşə gedim" deməyi absurddur.
Aygün Sadiq: Müharibədə iştirak etmək arzumdur. Əsas da snayperçi olub, düşməni bir-bir “dənləmək” istərdim.
Şükufə Süleymanlı: Əgər müharibə olsa, hər kəs öz sahəsinə uyğun dəstək verməlidir. Hamı cəbhəyə gedə bilməz. Mən şəxsən öz işimə uyğun dəstək verərəm.
Iradə Aytel: Qeydiyyatdan keçmişəm, gedəcəm!
Mahir Xəttab \ Redaktor.az












