"Hərbiçilərin bu səhvi fəlakətə səbəb ola bilərdi" - HƏRBİ EKSPERT

 10:42 15.09.2020     2165

Cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdyanın tutulmasında iştirak edən hərbçilərin nizamnaməni pozmaq və orduda qadağan olunmuş smartfonlardan istifadəyə görə cəzalandırılıblar.

Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib.

Sosial şəbəkələrdə bəzi insanlar hərbiçilərin cəzalandırılmasını doğru hesab etmətiklərini bildirirlər.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov hərbi sirrin yayılmasının yol verilməz olduğunu bildirib:

“Burada söhbət erməni hərbiçisinin görüntülərinin yayılmasından deyil, hərbidə olan məxviliyin pozulmasından gedir. Sosial şəbəkələrdə tənqid yazan şəxslər düşünsünlər ki, onların doğmaları cəbhə bölgəsində xidmət edir və erməni hərbiçsinin görüntüsü həmin yerdə yayılır, Ermənistan tərəfi hərbiçilərinin hansı istiqamətdə olduğunu öyrənir və oranı atəşə tutur. Bu, hələ məsələnin bir tərəfidir. Təsəvvür edin ki, bir neçə şəxsin səhlənkarlığına görə nə qədər insanın həyatı təhlükə altına düşür.

Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadə qadağan olunub. Bu, kiminsə keyfinə görə yox,  məxviliyin qorunması üçündür. Orduda xidmət aparmaq hər hansı digər sahədə işləmək kimi deyil. Burada ən sadə bir səhv böyük problemlərə, boşluqlara yol aça bilər.

Hesab edirəm ki, bu məsələ haqqında bəzi insanlar sosial şəbəkələrdə ağızlarına gələni yazmazdan əvvəl yaxşıca düşünüb, məsələni araşdırıb fikir bildirməlidirlər”.

Mahir Xəttab \ Redaktor.az