Qarabağda antiterror əməliyyatları - "Mənasız danışıqlar bitdi!"

 11:54 21.09.2020     49363

Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Lakin Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxundu və artıq danışıqlar prosesini uzanmasının mənasız olduğunu bildirdi”.

Bu sözləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsini şərh edərkən deyib. O bildirib ki, prezidentin səsləndirdiyi fikirlər Qarabağ probleminin həll olunacağına işarə edir:

“İşğalçı Ermənistan bu günə qədər özünü tam cəzasızlıq şəraitində hiss edib və ölkəmizə qarşı təxribat törətməyə davam edib. Bu baxımdan artıq mənasız danışıqlar prosesini uzatmaq lazım deyil. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın çox güclü ordusu var və biz ordumuzla düşmənə istənilən an hücum edə, torpaqlarımızda antiterror əməliyyatları həyata keçirə bilərik. Artıq dövr dəyişib, bizim də səbrimiz tükənib. Bu münaqişənin həll olunması üçün nə lazımdırsa etməliyik. Buna gücümüz və qüdrətimiz çatır. Hesab edirəm ki, ölkə başçısı tərəfindən qısa zamanda bu istiqamətdə böyük işlər görüləcək”.

Mahir Xəttab \ Redaktor.az