Qardaş dəstəyi: PUA-lar sərhəddə uçur - Türkiyə hərbi müdaxilə edə bilər...

 17:35 21.09.2020     3447

Misirin "cairo24.com" portalı Ermənistanın PKK yaraqlılarını Qarabağa daşımağa başlaması ilə bağlı məlumat yayıb.

Qəzetin yazdığı kimi, Ermənistanla Azərbaycan arasındakı iyul toqquşmalarından sonra PKK yaraqlılarının Ermənistan ordusuna inteqrasiya əməliyyatı intensivləşib. Bir qrup yaraqlı və PKK komandirləri İraq və Suriya üzərindən Ermənistana gəliblər.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Arzu Nağıyev Ermənistanın çarəsiz vəziyyətdə olduğunu, terrorçulara sığındığını bildirib: 

“Son vaxtlar yayılan məlumatlara görə, Ermənistan ordusunda əskər çatışmazlığı yaşanır. Bunun əsas səbəbi də anaların əsgər ölümlərinə görə aksiya keçirməsi, övladlarını hərbi xidmətdən yayındırmaq üçün onları ölkədən çıxarmaları və s. Buna görə də, düşmən tərəfi müəyyən pul müqabilində Livandan, Liviyadan, Suriyadan bir sıra terror dəstələrinin üzvlərini adi vətəndaş adı altında işğal olunmuş ərazilərər yerləşdirirlər. Həmin terror qruplaşlarından biri də PKK-dır. Hələ bir neçə il əvvəl Türkiyə PKK-ya qarşı mübarizə aparanda, terrorçular gizli yollarla qaçıb Qarabağa yerləşirdilər. İndi də həmin terrorçulardan Azərbaycana qarşı istifadə etmək istəyirlər. Əslində Ermənistan ordusunda terrorçuların döyüşməsi Tovuz hadisələrində də bəlli oldu. Xatırlıyırsınızsa, onlar ölənlərin sayını gizlədirdi. Bunun da səbəbi ölənlərin çoxunun həmin o terrorçuların olması idi. Bütövlükdə bu fakt düşmənin hansı vəziyyətdə olduğunu, nə qədər çarəsiz duruma düşdüyünü göstərir”.

Millət vəkili Türkiyənin işğal altında olan ərazilərdə PKK-ya qarşı antiterror əməliyyatları keçirməsi məsələsinə də toxunub:

“Əgər Qarabağa gətirilən şəxslərin PKK-ya məxsus terrorçular olduğu təsdiqlənərsə, Türkiyə MBT-nin də dəstəyi ilə işğal altında olan torpqlarda antiterror əməliyyatı apara bilər. Bildiyimiz kimi, Türkiyə bir çox ölkələrdə terrora, xüsusilə PKK-ya qarşı antiterror əməliyyatları həyata keçirir”.

Qeyd edək ki, bu gün Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu uçuşlara başlayıb. Real uçuşları qeydə alan "flightradar24.com" saytında uçuşların səhər saatlarından başladığı və hələ də davam etdiyi əks olunub. 

Mahir Xəttab \ Redaktor.az