Ermənistan hücuma hazırlaşır? - VƏZİYYƏT PİSLƏŞİR... / AÇIQLAMA

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət yenidən gərginləşib.
Sentyabrın 20-si axşam satlarından başlayan erməni təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Həmçinin, Ordumuz düşmənə məxsus PUA-nı vurub. Bir çox hərbi ekspertlər, siyasi şərhçilər son hadisələrdən sonra Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlar başlaya biləcəyini deyirlər.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov müharibənin vaxtının çatdığını bildirib:
“Ümumi gedişata nəzər yetirəndə müharibənin qaçınılmaz olduğunu görürük. Ona görə yox ki, biz müharibə istəyirik, sadəcə Ermənistan tərəfi bizə başqa yol qoymayıb. Biz yox, onlar müharibə yolunu seçib. Hər zaman ilk addımı onlar atdıb, biz cavab vermişik. Bu baxımdan indi də Azərbaycan Ermənistanın hər hansı bir hücumuna hazırlıqlı olmalıdır”.
Politoloq Azərbaycanın Ermənistana güzəştə getməyəcəyini bildirib:
“Düzdür, vəziyyəti dəqiq şərh etmək o qədər də asan məsələ deyil, hər an vəziyyət dəyişə bilər. Çünki münaqişə siyasi müstəvidən hərbi müstəviyə keçib. Bu baxımdan gedişatı dəqiqliklə izləmək lazımdır.
Lakin ölkə başçısı da bu məsələ ilə bağlı son çıxışında artıq danışıqların fayda vermədiyini bildirib. Bu, bir daha göstərir ki, Azərbaycan işğal altında olan torpaqların qaytarılmasında Ermənistan tərəfinə heç bir güzəştə getməyəcək”.
Mahir Xəttab \ Redaktor.az