Ermənistan 3-4 gündən artıq dözə bilməyəcək - QƏLƏBƏ YAXINDIR!

 09:56 29.09.2020     38791

"Hazırda həm Ermənistan hakimiyyəti və cəmiyyətində açıq-aşkar isterika müşahidə olunur".

Bu sözləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu deyib. O, düşmən tərəfinin Azərbaycanın əks-hücumundan qorxuya düşdüyünü bildirib:

“Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar həyata keçirməyə başladı. Azərbaycan tərəfi bu dəfə düşməni susdurmaqla kifayətlənməyib, əks-hücum əməliyyatları ilə cavab verir. Bunun nəticəsində də işğalçı Ermənistanın gözləmədiyi mənzərə yaranıb. Azərbaycan qısa zaman kəsiyində Füzuli, Cəbrayıl istiqamətində bir neçə yaşayış məntəqəsini, kəndləri, strateji yüksəklikləri işğaldan azad edib. Hələ bunun davamı da gələcək. Belə olan halda Ermənistanın Baş naziri Nikol Paşinyan olduqca aciz durumda olduğunu gizlədə bilmir. O, hətta parlamentin növbədənkənar iclasında deputatatlara bildirib ki, əgər Qarabağın Azərbaycanın tərkibində hansısa statusa malik olmasını istəyirlərsə, məsələ indi həll edilməlidir. 

Paşinyanın bu çıxışı onun nə dərəcədə qorxduğunu göstərir. Bu baxımdan, əli hər yerdən üzülən Paşinyan indi Putinə, Fransa Prezidenti Emmanuel Makrona və digər yerlərə zəng edir, imdad diləyir”.

Millət vəkili Azərbaycan xalqının illərdir gözlədiyi günün çatdığını bildirib:

“Təbii ki, bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin, xalqının gözlədiyi tarixi an çatıb. Dövlətimiz bu günə kimi bütün istiqamətlərdə - siyasi, hərbi, iqtiadi potensialını artırırdı. Biz hər zaman qeyd edirdik ki, zaman Azərbaycanın xeyrinə işləyir. Ölkəmiz ötən günlər ərzində öz hazırlığını görürdü və bu gün bu, öz bəhrəsini verir. Ermənistanın Azərbaycanla davamlı müharibə aparmağa gücü yoxdur. Onlar uzağı 3-4 gün dözə biləcəklər. Azərbaycanın isə iqtisadi və hərbi potensialı torpaqlıarı işğaldan azad etməyə tam imkan verir”.

Mahir Xəttab \ Redaktor.az