Erməni ordusunun qənimi - “Harop” nəyə qadirdir? / VİDEO

 11:56 01.10.2020     5404

2015-ci ildə “Israel Aerospace Industries” korporasiyasının aerokosmik bölməsi “Harop”un daha kiçik ölçülü əməliyyatlar üçün bir qədər də yığcam versiyasını hazırladı. Təqribi məlumata görə, yeni kiçik dron “Harop”un 1/5 həcmindədir və daha kiçik - 3-4 kiloqramlıq əsas döyüş başlığını daşıyır. Bu sursatlar daha ucuz olmaqla yanaşı, tez-tez nəzərdən itən hədəflərə qarşı effektlidir və zaman məhdudiyyətli əməliyyatlarda geniş istifadəsi nəzərdə tutulur.

“Harop” PUA-dır. Bəzi mütəxəssislər onu “gəzən sursat” da adlandırırlar. “Israel Aerospace Industries” (İsrail Aerokosmos Sənayesi) korporasiyasının aerokosmik bölməsi tərəfindən hazırlanan “Harop” pilotsuz Uçan aparatları (PUA) radiodalğa kateqoriyalıdır, yəni PUA hədəfin radarlarının yaydığı radiodalğalara kilidlənir. Sonra isə özünü həmin hədəflərə çırpmaqla hədəfi və özünü məhv edir. Əlavə olaraq, əsas döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq bu dron özü bütövlükdə döyüş başlığı sayılır, yəni hədəfi özünü hədəfə çırpmaqla məhv edir. “Harop” ya muxtar olaraq özününün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, ya da yerdəki idarəetmə mərkəzindən idarə olunur. Hədəf aşkarlanmadığı halda dron özü avtomatik olaraq bazaya qayıdır.

Dron hazırlanarkən radar ölçüsünün - RCS-nin (Radar Cross Section - düşmən radarında görünmə dərəcəsi) kiçik olması priorotet olaraq qəbul edilib. Bu cür kiçik ölçülü PUA-lar düşmənin əsas hava hücumundan müdafiə (HHM) sistemlərinə demək olar ki, görünməz olduqlarlarına görə (kiçik RCS-ləri olduğuna görə) asanlıqla atəşdən yayına bilir və buna görə də onlar döyüşlərin ilkin artilleriya hazırlığı mərhələsindən başlayaraq istifadə edilirlər. Beləliklə, düşmənin komanda məntəqələrini, radiolokasiya qurğularını, HHM sistemlərini və zenit raket qurğularını yararsız vəziyyətə saldıqdan sonra təyyarələrin düşmən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski ciddi şəkildə azaldığı üçün düşmən ərazisində əməliyyatlara başlayırlar.

Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.

“Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. Onu da qeyd edək ki, bu hadisə dünya hərb tarixinə ilk dəfə “gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “gəzən sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisi və istehsalçısıdır.

“Harop” yerüstü bazadan və dənizdən buraxıla bilməklə yanaşı, havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Daha öncə qeyd olunduğu kimi, Haropun iki növ idarəetmə üsulu var: Avtonom və ya bazadan idarəedilmə. “Harop” muxtar idarəetmə rejimində özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı, o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər.

Hazırda bu sursatlar “Israel Aerospace Industries” korporasiyasının lisenziyası ilə Azərbaycan Müdafiə Sənayesinin müəssisələri tərəfindən istehsal edilir.