Cəbrayıldan sonra Xocavənd, Zəngilan, Ağdam... - "Düşmən təslim olmalıdır!"

 12:53 05.10.2020     2525

Cəbhədə baş verən döyüşlərdə ordumuz düşməni torpaqlarımızdan uzaqlaşdırmağa, əzəli Azərbaycan torpaqlarını geri almağa davam edir. Ötən gün şanlı ordumuz 1993-cü ildə işğal edilən Cəbrayıl şəhərini və bir sıra ətraf kəndləri azad etdi. 

Bəs, davam edən müharibənin fonunda Cəbrayılın strateji ohəmiyyəti nədir?

Bu barədə Redaktor.az-a açıqlamasında "Legion" hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov deyib ki, Cəbrayıl növbəti rayonların azad olunmasına yol açan stratejik ərazidir:

“Xocavənd, Zəngilan, Ağdam rayonlarının alınması düşmənin texniki ləvazımat, hərbi sursat daşınması prosesinin qarşısını alır. Hazırki dövr müharibəsində ənənəvi döyüş üsulları istifadə olunmur. İndi əsasən 5-ci nəsil döyüş üsulları keçərlidir. Yəni keçmişdə bizə öyrədilən və uzun illər istifadə olunan döyüş üsulları indi faktiki olaraq Qarabağ ərazisində yararsızdır. Sadəcə tanklara minib getməklə məsələ həll olunmur, digər döyüş üsulları bu müharibə üçün daha əhəmiyyətlidir.

Burda ilk addım düşmənin texnikasının məhvi, daha sonra isə quru əməliyyatlarıdır. Faktiki olaraq kiçik əməliyyatlar nəticəsində böyük ərazinin alınması uğurdur. 30 ildir ki, yerləşdirilən istehkam qurğularının, tunellərin, komanda mərkəzlərini sındırıb irəli getmək döyüş tarixində demək olar ki, yenilikdir”.

Hərbi ekspert düşmənin hərbi ehtiyatı haqqında da fikirlərini bildirib:

“Ermənistan tərəfinin həm insan resursları, həm də dəyərli texnikaları demək olar ki, qurtarıb. Amma Azərbaycan ordusu tərəfindən quru əməliyyatları hələ tam başlamayıb. Əgər quru əməliyyatlarının həcmini genişləndirsək, demək olar ki, qarşıda duran bütün rayonlardakı düşmən müdafiəsi məhv olunacaq. Cəbrayıldan sonra düşmənin Ağdam, Xankəndi, Xocavənd yolu bağlanır. Və nəhayət, Zəngilana yol açılandan sonra düşmən Azərbaycan torpaqlarında mühasirədə qalır. Onlar ya təslim, ya da məhv olmalıdır. Başqa çarələri yoxdur”.

Şəfəq Samed / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən