"Ermənistan 11 gündür çalışır ki, Rusiya..." - AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətdən danışarkən bildirib ki, müharibə Ermənistan ərazisində aparılmır.
Məsələni Redaktor.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Rusiya rəhbəri Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını hiss etdirib:
“Putinin Azərbaycanın Dağlıq Qarabağ ərazisində həyata keçirdiyi əks-hücum əməliyyatı ilə bağlı mövqeyi təqdir olunmalıdır. O, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını hiss etdirir. Ermənistan illərlə Rusiyaya arxalanaraq ərazilərimizi işğalda saxlayırdı. Bugün isə Rusiya dövlət başçısının real, məsələlərə düzgün yanaşma tərzi Azərbaycanı bu işdə haqlı tərəf olaraq qəbul etməsi kimi analiz olunmalıdır.
Həmçinin, Ermənistan artıq 11 gündür Rusiyanı münaqişəyə qatmaq, Qarabağda baş verənləri Ermənistana qarşı hərbi əməliyyat kimi təqdim etmək istəyir. Lakin Rusiya rəsmiləri bunu bir mənalı olaraq təkzib edirlər. Onlar öz açıqlamalarında Azərbaycanın ərazi bütövlüyünü təmin etmək hərbi əməliyyatlara başladığını bildirirlər. Buna görə də, Rusiyanın mövcud reaksiyasını müsbət dəyərləndirmək lazımdır”.

Şəfəq Samed \ Redaktor.az












