"Azərbaycan ordusu cəbhədə yeni uğurlar əldə edir" - POLKOVNİK
Sosial şəbəkələrdə bəzi şəxslər müharibənin dayanması, Azərbaycan Ordusunun ləng şəkildə irəliləməsi ilə bağlı iddialar səsləndirir.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov səslənən iddiaların heç bir əsası olmadığını, müharibənin aktiv şəkildə davam etdiyini bildirib:
“Hər hansı bir narahatlıq üçün əsas yoxdur. Hazırda döyüşlər davam edir və Azərbaycan ordusu yeni ərazilər, uğurlar əldə edir. Kimin nə deməyindən asılı olmayaraq, ordumuz öz işini çox ustalıqla yerinə yetirir. Ümumiyyətlə, ordumuz irəliləyirsə, döyüş niyə dayandırılmalıdır?! Təbii ki, bu iddialar hamısı əsassız və təxribat xarekterlidir. Bir az əvvəl də Müdafiə Nazirliyi ordumuzun düşmənin həm texnikasını, həm də canlı qüvvəsini ələ keçirməsi ilə bağlı məlumat yayıb. Azərbaycan ordusu üzərinə düşən vəzifəni uğurla həyata keçirir və bunun nəticəsini yaxın zamanlarda görəcəyik”.
Ekspert döyüşlərin müəyyən plan əsasında aparıldığını bildirib:
“Hazırda döyüşləri komandirlərin real vəziyyətə uyğun olaraq verdiyi qərara əsasən aparırıq. Burada kiminsə istəyi, xahişi nəzərə alınmır. Həmin komandirlər baş verənlərə görə canları ilə məsuliyyət daşıyırlar.
Ümumiyyətlə, hər gün artileriya və PUA ilə döyüş aparılmır. Elə gün olur ki, tankdan istifadə olunur, lazım gələndə quru qoşunları hərəkətə keçir və s. Söhbət hansısa təlimdən yox, müharibədən gedir. Burada əsgərlərimiz şəhid olur, yaralanır. Yəni, bir gün video yayılmırsa, bundan zərrə qədər narahat olmağa dəyməz. Hər şey yüksək səviyyədə davam edir. Çalışaq ordumuzun işinə kölgə salmayaq”, - deyə Ü.Cəfərov bildirib.
Mahir Xəttab / Redaktor.az












