Gəncəyə atılan raket havada vurula bilərdimi? - EKSPERT RƏYİ

 11:01 13.10.2020     16815

Ermənistan döyüş bölgəsində mübarizə aparmaq əvəzinə mülki əhalini hədəf almağa davam edir. Bir çox ərazilərimiz raket atəşinə tutulur.

Bəs, atılan raketlərin havada zərərsizləşdirən müdafiə sistemlərinin işləkliyi nə vəziyyətdədir?

Bu barədə Redaktor.az-a danışan "Legion" hərbi vətənpərvərlik klubunun rəhbəri, hərbi ekspert Abuzər Əbilov bildirib ki, hazırda dünyada yerdən atılan, idarə olunmayan mərmilərin tamamilə məhvi çətindir:

"Ümumiyyətlə, belə bir texnologiya mövcud deyil. Bu sahədə irəli getmiş İsrail dövləti "Dəmir Gümbəz" qurğusundan istifadə edir. Amma buna baxmayaraq, həmin qurğudan idarə olunmayan mərmi, yaxud raketlərin keçməsi halları da qeydə alınıb. Demək olar ki, belə qurğuların işləkliyi 75-80 faiz təşkil edir. Yəni, hər zaman tam müdafiə mümkün deyil. Gəncəyə düşən raketlərin heç biri zərərsizləşdirilməyib desək, yalan olar. Ora atılan mərmilər neçə ədəd olub bilinmir və onların neçəsi zərərsizləşdirilib bu barədə heç kəs dəqiq danışa bilməz.

Qeyd edim ki, Mingəçevirə hər hansı bir raket düşsə, həmin əraziyə Gəncəyə dəymiş ziyandan 2 qat artıq ziyan dəyə bilər. Bu, hətta təbii fəlakət deməkdir. Ermənilər bu barədə çox arxayın olmasınlar. Hər hansı blok partlasa, işığın verilməsi bir müddətlik dayansa belə, yenidən bərpa olunar. Amma bəndi vurmaq mümkün deyil, çünki həmin ərazinin təməli sovet dövründən qoyulub və tamamilə nüvə həmləsinə davamlıdır".

Şəfəq Samed / Redaktor.az