Şuşa və Xankəndinə gedən əsas yollar ORDUMUZUN NƏZARƏTİNƏ KEÇDİ

 16:53 20.10.2020     1109

Azərbaycan ordusu bu gün düşmən işğalından azad olunan Zəngilan şəhərinə Azərbaycan bayrağı sancıb. Həmçinin, Zəngilanla yanaşı 24 kənd, xüsusilə strateji əhəmiyyətə malik Xocavənd rayonunun Çinarlı (Vəng) kəndi də işğaldan azad edilib.

Hərbi ekspert Əbuzər Əbilov Redaktor.az-a azad edilən ərazilərin strateji əhəmiyyətindən danışıb. O, Zəngilanın iki mühim əhəmiyyətindən bəhs edib:

“Birincisi, Zəngilan rayonu Dağlıq Qarabağın üçküncündə yerləşir. Yəni, oradan artıq Azərbaycan-İran sərhəddi tamamilə bizim sərhəd qoşunlarının nəzarətinə keçir.

İkincisi, Zəngilandan Qubadlıya, Laçına gedən və Ermənistanla Dağlıq Qarabağı bağlayan iki yol bağlanır. Bundan əlavə, şəhərdən aşağıya tərəf, yəni, bir hissəsi Cəbrayıl tərəfdən, bir hissə də Zəngilan rayon tərəfdən Dağlıq Qarabağın ürəyinə - Xankəndinə, Şuşaya, Ağdarəyə yol açılır. Bununla da düşmənin bütün qoşunlarını məhv eləmək üçün ən böyük strateji ərazilər bizim nəzarətimizə keçir”.

Hərbi ekspert işğaldan azad olunduqdan sonra Çinarlı adı verilən Vəng kəndinin strateji əhəmiyyətindən də bəhs edib:

“Çinarlı kəndi birinci Qarabağ savaşında ən qanlı döyüşlərin getdiyi bir ərazi olub. Bu strateji yüksəklik həddindən artıq böyük bir əhəmiyyətə malikdir. Ermənilər Çinarlıda güclü istehkamlar qurmuşdu. Amma bu istehkamları Azərbaycan ordusu məhv elədi.

Strateji əhəmiyyətə malik Çinarlı kəndindən bütün Qarabağın ərazisinə - Xankəndi, Şuşa və Ağdərənin ərazisinə yolumuz açılıb. Bir sözlə, faktiki olaraq Azərbaycan ordusu Qarabağın ən vacib strateji yüksəkliklərinə nəzaərt edir”.

Mahir Xəttab \ Redaktor.az