Müharibədən sonra bu şəxslər HƏBS EDİLƏCƏK - BUNU ETMƏYİN!
“Müdafiə Nazirinin əmrinə əsasən hərbi xidmətdə smartfonların işlədilməsi qadağan olunub. Həmin qadağaları pozanlar kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq sərt şəkildə cəzalandırılmalıdır”.
Bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov cəbhə xəttindən müəyyən şəxslər tərəfindən video və fotoların yayılması ilə bağlı danışarkən deyib. O bildirib ki, xüsusilə döyüş aparılan ərazilərdə smartfon tipli telefonlar olması, onlarla hər hansı video və fotonun çəkilib paylaşılması düşmənə kömək rolunu oynayır:
“Düşmənin həmin foto ya videodan istifadə edərək, zabitlərimizin yerini təsbit edib, həmin nöqtələrə artileriya zərbələri endirir. Müharibə vəziyyətində belə özbaşnalıq olmaz. Demək olar ki, müharibənin son mərhələsindəyik və belə məsuliyyətsiz davranışlar bizə çox böyük problemlər yaradır. Necə ki, əvvəlki illərdə biz bunun şahidi olmuşuq. Hesab edirəm ki, bunu edənlər araşdırılmalıdır. Hazırda komandirlərin döyüşlərə başı qarışdığı üçün bəzi məsuliyyətsiz şəxslər bundan müəyyən qədər istifadə edir. Amma döyüş əməliyyatları bitdikdən sonra həmin şəxslər barəsində mütləq tədbir görüləcək”.
Hərbi ekspert sosial şəbəkələrdə şəhidlərin fotolarını paylaşanlara da öz iradını bildirib:
“Əvvala şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyirəm. Onlar bizim üçün əziz və dəyərlidir. Amma döyüşlərin davam etdiyi bir zamanda onların şəkillərinin paylaşılması qəti şəkildə doğru deyil.
Birincisi, bunu paylaşmaqla insanların ruh yüksəkliyinə, psixoloji durumuna mənfi təsir göstərirlər. Çünki biz insanıq, istər-istəməz pis oluruq, mənən sarsıntı keçiririk. Nisbətən daha həsas olan insanlar var ki, onlar bunu daha ağır formada yaşayırlar. İndiki məqamda isə buna əsla yol vermək olmaz. İndi bizim möhkəm olmağımız lazımdır. Bu, həm də ordumuz üçün də vacibdir.
İkincisi, ermənilər bir çox Azərbaycan səhifələrini, profillərini çox aktiv şəkildə izləyir və paylaşılan şəhid şəkillərini götürüb, öz hesablarında paylaşıb təhqir edirlər. Siz o şəkili paylaşanda bilməliniz ki, sizi təkcə azərbaycanlılar, dost ölkələrin vətəndaşları yox, həm də düşmən izləyir. Onlar əlbəttə ki, şəhid şəkilinə xoş söz yazmayacaq. Bu baxımdan hər hansı bir addım atmazdan əvvəl dərindən düşünmək lazımdır”.
Mahir Xəttab \ Redaktor.az