Bu şəxslərə hərbi forma geyinmək QADAĞANDIR - FOTO

 13:56 27.10.2020     22251

Son günlər sosial şəbəkələrdə bəzi insanlar hərbi forma geyinərək fotolar, videolar paylaşırlar. Lakin hərbi qulluqda olmayan, yaxud heç bir rütbə daşımayan insanların müxtəlif nişanlı geyimlərdən istifadə etməsi yanlış fikirlər yaradır.

Bu barədə Redaktor.az-a açıqlamsında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi formalardan gündəlik geyim kimi istifadə etmək düzgün deyil:

“Bildiyimiz kimi, hazırda ölkədə müharibə vəziyyətidir. Bəzi insanlar bu vəziyyətdən istifadə edərək icazəsi olsa da, olmasa da həmin hərbi formalardan istifadə edir. Lakin bu düzgün deyil. Hərbi forma ordunun rəsmi geyimi, rəmzidir. Ehtiyatda olan zabitlər ordudan təxlis olunduqları zaman onların hərbi sənədlərində bu formaları geyinmələri ilə bağlı rəsmi icazə yer alır. Təbii ki, bu hərkəs üçün keçərli deyil, bu məsələ qanunla tənzimlənir. Amma təəssüflər olsun ki, bəzi insanlar bundan bir qədər sui-istifadə edirlər. Hazırda müharibədə qazanılan uğurlarla bağlı olaraq insanlarda müəyyən vətənpərvərlik hisslərinin artrmasını başa düşürük. Onlar hərbi forma geyinməklə dəstəklərini göstərmək istəyirlər. Lakin mövcud vəziyyəti fürsət bilib bir sıra rəmzlər, yaxud ulduzlar əlavə edərək hərbi formalar geyinmək düzgün deyil”.

Qeyd edək ki, bir müddət öncə düşmən tərəfi hərbi formada foto çəkdirən tanınmış prodüser Tarix Əliyev və aşıq Namiq Fərhadoğlunu da həlak olan azərbaycanlı zabitlər kimi təqdim etmişdilər. 

Həmçinin, aşıq Namiq Fərhadoğlunun hərbi geyimi geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, onun sol çiynində polkovnik, sağ çiynində isə leytenant rütbəsi yer almışdı.

Şəfəq Samed \ Redaktor.az