Düşmən mülki obyektləri atəşə tutmaqda davam edir - FHN

 19:20 27.10.2020     1727

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.

Redaktor.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildiriblər ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi evə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmənin ağır artilleriya atəşləri nəticəsində 13 mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar nazirliyin 112 – “qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən