"Heç bir rayon Ermənistanın nəzarətində qalmayacaq" - POLKOVNİK
“Bütün işğal olunmuş ərazilər qaytarılır. Heç bir rayon Ermənistanın nəzarətində qalmayacaq. Bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək”.
Bu sözləri Redaktor.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağa gətirilməsi ilə bağlı danışarkən deyib. O, müyyən bir müddət ərzində sülhməramlı qüvvələrin olmasının lazım olduğunu bildirib:
“Əlbəttə, burada neytral bir qüvvə olmalı idi. Dünya praktikasında da bu baş verib. Bu baxımdan, biz də imkan yaradırıq ki, 5 il müddətində Rusiya bölgədə olsun və müəyyən gərginlik çıxmaması üçün nəzarət etsin. Düşünürəm ki, bu müddət ərzində bir çox məsələlər öz həllini tapacaq və növbəti 5 ilə ehtiyac qalmayacaq.

Həmçinin, sülhməramlı qüvvələr təkcə Xankəndi, Xocavənd Ağdarə və Xocalıda deyil, Naxçıvana bizim quru yolla təhlükəsiz bir şəkildə gediş-gəlişimizi də təmin edəcək. Bütün verilən qərarlar Azərbaycanın ortaya qoyduğu şərtlərə uyğundur. Düşünürəm ki, bu, birbaşa qələbədir. Çünki bizim ərazi bütövlüyümüz bərpa olunub. Bir sözlə, Azərbaycan nəyi istəyirdisə, o da oldu. Naratlığa heç bir əsas yoxdur. Dağlıq Qarabağ da, ətrafında olan 7 rayon da bizimdir, bizim olaraq da qalacaq”.
Mahir Xəttab \ Redaktor.az












