Minalardan təmizləmə əməliyyatları nə qədər vaxt aparacaq? - Ekspert açıqladı

 11:53 30.11.2020     900

Azərbaycan əks-hücum əməliyyatları həyata keçirərək ərazilərimizi Ermənistanın işğalından azad etdi. Hazırda azad olunan ərazilərdə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən minadan təmizləmə əməliyyatları aparılır.

Bəs, bu əməliyyatlar nə vaxta qədər davam edəcək? Ümumilikdə ərazilərin tamamilə minalardan təmizlənməsi mümkündürmü?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli hazırda minadan təmizləmə əməliyyatlarının iki istiqamətdə davam etdiyini bildirib:

“Minadan təmizləmə işləri iki istiqamətdə aparılan bir prosesdir. Birincisi, Müdafiə Nazirliyinin Mühəndis İstehkam bölmələri həyata keçirir. Burada yalnız hərbi birləşmələrinin hərəkətinin təmin olunması üçün icra olunan təmizləmə işləridir.

İkincisi isə humanitar təmizləmə prosesidir ki, bunu da ANAMA həyata keçirir.

Müdafiə Nazirliyinin həyata keçirdiyi yol, infrastruktur, hərbi hissələrin ərazisi və s. hərbi baxımdan vacib olan yerlərdir. Bu, bəlli bir müddət ərzində başa çatır.

ANAMA-nın minalardan təmizləmə əməliyyatları isə çox vaxt aparan bir işdir, konkret vaxt demək mümkün deyil. Çünki burada evlər, obyektlər, ərazilər, ağacların altı – bir sözlə hektarlarla ərazilərdən söhbət gedir. Bu ərazilərin təmizlənməsi prosesinin yekunlaşması təxminən yaxın 5 il ərzində nəzərdə tutulub. Amma konkret müddət deyilməsi təcrübəsizlik olar. Biz bilirik ki, II dünya müharibəsindən sonra həm Qərbi Avropada, həm Rusiya, Ukrayna, Belarus və Moldova ərazisində çoxlu sayda minalanmış ərazilər mövcud idi və həmin ərazilərin təmizlənməsi uzun illər davam etdi. Hətta indi də bəzi yerlərdə partalamamış minlar aşkar edilir. Lakin günümüzdə müassir mina aşkarlayan texnikaların olduğunu nəzrə alsaq, uzun müddət çəksə də minaların tamamilə təmizlənməsinin mümkün olduğunu deyə bilərik”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən