"O, ölümün gözünə dik baxa-baxa addımlayıb" - MİLLƏT VƏKİLİ / FOTO
"Samiq əsgərlərinin nəşini çıxarmağa getməyə bilməzdi, buna onu vicdanı, Azərbaycan hərbçisi adının məsuliyyəti vadar edirdi. Demək ki, o, ölümün gözünə dik baxa-baxa, özünü öldürməyə addımlayıb".
Bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Samiq Fərzalıyevdən danışarkən bildirib. O deyib ki, Samiq 1992-ci il iyul ayının 8-də Tovuzun Çesməli elinin Güvəndik kəndində doğulub:
"Hərbi xidmətini Sərhəd Qoşunlarında keçib. 2014-cü ildə hərbi xidməti başa catdiran Samiq, 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edərək, ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, nümunəvi xidmətlərinə görə 31 dekabr 2017-ci ildə hərbi hissə komandiri tərəfindən “Fəxri fərman”la təltif olunub.
Samiq 2019-cu ildə döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən ödülləndirilib. 2020-ci ilin iyul ayında baş leytenant hərbi rütbəsi alan Samiq, 27 sentyabrda Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca könüllü olaraq torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb.
Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan iki əsgərimizin nəşini təhlükəli bölgədən çıxararkən, baş leytenant Samiq Fərzalıyev özü də düşmən snayperi tərəfindən vurulub. Zabit şərəfini, müharibədə qızıl ləyaqəti uca tutan Samiq, əsgərlərinin nəşini çıxarmağa getməyə bilməzdi, buna onu vicdanı, Azərbaycan hərbçisi adının məsuliyyəti vadar edirdi. Demək ki, o, ölümün gözünə dik baxa-baxa, özünü öldürməyə addımlayıb.
Şəhidimiz doğulub, böyüdüyü dogma kənddə torpağa tapşırılıb. Ancaq Şəhid Zabit üçün yalnız doğulduğu torpaq deyil, hətta şəhid olduğu məntəqə də deyil, bütün Azərbaycan torpağı doğmadır, əzizdir. Çünki o, vətənin hər qarış torpağını candan əziz tutduğu üçün, bütün azərbaycanlılar üçün doğmadır, əzizdir.
Tanrı şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, ordumuza güc qüvvət versin. Bayrağımız uca olsun! Neçə ki, ölümün gözünə dik baxan oğular var, müqəddəs bayrağımız həmişə uca olacaq!"
Şəfəq Samed \ Redaktor.az
















