QƏLƏBƏ PARADINDA bizi nə gözləyir? - Bəzi məqamlar açıqlandı...

 14:13 09.12.2020     1184

“İstənilən hərbi parad ölkənin müdafiə gücünü göstərən ən vacib tədbirlərdən biridir. Azərbaycan Ordusu bu günə qədər 3 hərbi parad keçirib. Bu paradların hər biri özlüyündə Ordumuzun gücünü, texniki imkanlarını nümayiş etdirib. Sabah keçiriləcək Qələbə paradı isə özəlliyi ilə digərlərindən fərqlənəcək”.

Bu sözləri Redaktor.az-a hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, paradın fərqliliyi Azərbaycan Ordusunun maharibədə qalib olması ilə bağlıdır:

“Hərbi paradda Azərbaycan Ordusu silah-texnika arsenalında olan imkanlarını nümayiş etdirəcək. Burada zirehli texnikalar, raket artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri, hava hücumundan müdafiə sistemləri və digər müassir avadanlıqlar nümayiş olunacaq. Ən vacibi isə qalib Azərbaycan əsgəri Azadlıq meydanından keçid edəcək”.

Hərbi ekspert paradda Azərbaycan Ordusunun əldə etdiyi qənimətlərin də nümayiş olunacağını bildirib:

“Müharibənin ilk günlərindən Ermənistan Ordusu bir-birinin ardınca itkilər verməyə başladı. Düşmən tərəfinin yüzlərlə silah və texnikası Azərbaycan Ordusu tərəfindən hərbi qənimət olaraq götürülüb. Bu siyahıya tanklar, piyadaların döyüş maşını, özüyeriyən artilleriya qurğuları, toplar, minaatanlar, tank əleyhinə idarə olunan raket sistemləri, reaktiv yaylım atəş sistemləri, radioelektron mübarizə qurğuları və s. misal çəkmək olar. Bir sözlə, Qələbə paradında  Ermənistan Ordusundan qənimət kimi götürülən silah-sursatı da görəcəyik. Ümumilikdə hərbi parad Azərbaycan Ordusunun gücünün və hərbi imkanlarının bütün dünyaya nümayişi kimi yadda qalacaq”.

Mahir Xəttab \ Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən