Qarabağda üçüncü müharibə təhlükəsi - EKSPERT FAKTLARLA İZAH EDİR...
Son günlər Qarabağda erməni terrorçularının təxribatlar törətməsi, rus sülhməramlılarına qarşı çıxması, bir sözlə, azad olunan əraziləri boşaltmaq istəməmələri yenidən müharibə mövzusunu gündəmə gətirib.
Bəzi yerli və xarici ekspertlər üçüncü Qarabağ müharibəsinin ola biləcəyi haqda fikirlər səsləndirir.
Bəs, Qarabağda üçüncü dəfə müharibə ola bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Nazim Bayram Ermənistanın üçüncü dəfə müharibə edəcək gücünün olmadığını bildirib:
“Nə Üçüncü Qarabağ müharibəsi olacaq, nə də Üçüncü Dünya müharibəsi Qarabağdan başlayacaq.
Qarabağ mövzusu ətrafında istənilən süni ajiotaj və küyəgetmə bizə ən ziyanlısıdır, təhrif və ictimai rəydə çaşqınlıq yaradır.
Bilmək lazımdır ki, Ermənistan sözün əsl mənasında darmadağın olunub, başı özünə qarışıb. Qarabağdakı erməni dəstələrinin partizan müqavimətini təşkil etmək üçün nə potensialı, nə də belə mübarizənin perspektivi var.
Hadrutda əsir götürülən ermənilər, müharibədə bizim hücumlarımız vaxtı gizlənib, indi acından ortaya çıxan təxminən 300 nəfər düşmən idi. Onların məsələsini ilk dəfə 10 gün əvvəl erməni deputatı Naira Zoqrabyan qaldırmışdı. O demişdi ki, əsgərlər valideynlərinə çətinliklə zəng edib deyiblər ki, "bir aydır Hadrutun meşələrində mühasirədədirlər.
Digər kiçik erməni silahlı dəstələr yerli özünümüdafiə dəstələridi. Onlar əvvəlcə deyirlər, "təslim olmayacağıq!", "getməyəcəyik!", sonra başlarını aşağı salıb gedirlər. Ancaq aralarında xüsusi ekstremist və terrorçu elementlər də var. Bunlar da xüsusi əməliyatlarla məhv ediləcək.
Bəs, hanı ermənilərin Qarabağda qalan "20 minlik ordusu?"
Bu ordunun 10 mini hələ müharibə vaxtı qaçmışdı, daha 10 mini sonra qaçdı. Qarabağda nə bizdən başqa ordu var, nə də 20 min silahlı erməni.
Bir sözlə, Qarabağda yeni müharibə başlamayacaq. Sadəcə ayrı-ayrı lokal insidentlər və terrorçulara qarşı əməliyatlar ola bilər.
İndi əsas mübarizə siyasi-diplomatik və informasiya müstəvilərində aparılır. Burada da Azərbaycanın mövqeləri kifayət qədər güclüdür”.
Mahir Xəttab \ Redaktor.az












