Azərbaycan düşməni darmadağın edəcək qırıcılar alır - PAKİSTANDAN...

 09:58 20.01.2021     1420

"Pakistanla Azərbaycan arasında 90-cı illərdən hərbi əməkdaşlığın yüksələn tepmlə inkişafını alqışlamaq olar. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Son Qarabağ müharibəsində də Pakistan etibarlı müttəfiq, hətta, qardaş ölkə olduğunu bir daha sübut etdi".

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Fəhmin Hacıyev deyib. O bildirib ki, mediada yayılan xəbərlər doğrudursa, Azərbaycanın Pakistandan JF-17 döyüş təyyarələri alması doğru seçimdir. Bu, Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da yüksəldəcək:

"Rusiya bizimlə müharibə vəziyyətində olan Ermənistanın Hərbi Hava Qüvvələrini (HHQ) yeni tipli CU-30 təyyarələri ilə təchiz etməyi planladığı bir zamanda JF-17-lərin alınması yerinə düşür. Sürət və yüksəklikdə uçmaq baxımından CU-30-lar üstünlük təşkil etsə də, JF-17 texnoloji, manevr baxımından daha uğurludur. Bu təyyarələrin daha yüngül olması və texnoloji üstünlüyü döyüşlərdə çevik və məhsuldar olmasına zəmanət verir ki, müasir müharibələrdə bu çox önəmlidir. Bir sözlə, bu addımı alqışlayıram".

Qeyd edək ki, bir neçə gün öncə Rusiya mediası Azərbaycanın düşməni darmadağın edəcək yeni qırıcılar almağa hazırlaşdığını yazıb. Pakistan-Çin birgə istehsalı olan 21 ədəd JF-17 (Block III) qırıcı-bombardmançıların ilk partiyasının bu ilin birinci yarısında gətiriləcəyi deyilir.

Şəfəq Samed \ Redaktor.az