"Ərazilərin minalardan təmizlənməsi 50 il çəkə bilər" - HƏRBİ EKSPERT

 16:30 09.02.2021     721

Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində xeyli həlak olanlar və yaralananlar olub. Ermənilər onlara verilən vaxt ərzində torpaqları tərk edərkən ərazilərə mina və digər partlayıcı qurğular yerləşdiriblər.

Minaların təmizlənməsi haqqında Redaktor.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, bu proses 50 il çəkə bilər.

“İşğaldan azad olunmuş ərazilərdə müxtəlif təyinatlı minalar var. Ağdam şəhərinin kiçik bir ərazisində 8000 mindən artıq mina və partlamamış qurğu aşkarlanıb. Bu səbəbdən tədbirlər yüksək səviyyədə həyata keçirilməlidir. Yaşayış məntəqələrində hərbiçilərin hərəkəti vacib amil olduğu üçün yalnız qurğular vasitəsilə bu proses aparıla bilməz. Müxtəlif qurumlar bu proseslə bağlı işlər aparır. Humanitar mina təmizləmə prosesi olduqca ağır işdir. Həmin ərazilərə köçəcək vətəndaşlar da bilməlidirlər ki, hər ağacın daşın yanında mina yerləşdirilmiş ola bilər”.

Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu minaya düşüb. Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar.

Nərmin Məcidli / Redaktor.az