POLKOVNİK: Artıq hazırlıqlar görülüb VƏ... - SƏRHƏDDƏ NƏ BAŞ VERİR?

 15:11 27.05.2021     1953

“Müharibə şəraitindən çıxan tərəflər üçün bu gün baş verənlər təbii haldır. Ermənistanın bizə qarşı düşmənçilik münasibəti dəyişməyib. Azərbaycan güc yolu ilə işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa edib. Bu o demək deyil ki, Ermənistan və ya erməni mövqeyi dəyişib. Ermənistanda revanş istəyən qüvvələr çoxalır. Hazırda isə seçki qabağı proseslər gedir, onlar nədən olsa istifadə edəcəklər ki, seçkilərdə qalib gəlsinlər. Orada radikal və revanşist qüvvələr hakimiyyətə can atır”.

Redaktor.az xəbər verir ki, bu sözləri son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr və ötən gün baş verən düşmən təxribatından danışan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti cəmiyyətin diqqətini yayındırmaq, qorxu altında saxlamaq üçün təxribat xarakterli addımlar atır:

“Azərbaycan tərəfi bilirdi ki, müharibə bitəndən sonra sərhədin bərpası zamanı təxribatlar olacaq. Müvafiq güc strukturlarımız bununla bağlı təhlillər, kəşfiyyat işləri aparıb. Artıq hazırlıqlar görülüb, istiqamətlər müəyyənləşdirilib, bütün təxribatların qarşısı alınır.

Ordumuz peşəkarlıqla ötən gün Azərbaycan ərazisinə keçmək istəyən və təxribatlar törətmək fikrində olan 6 erməni əsgərini əsir götürüb”.

Ş.Ramaldanov bildirib ki, hazırda Azərbaycanın yetərincə texniki vasitələri var, müyyən əraziləri izləmək üçün pilotsuz uçan aparatları da havaya qaldırılır:

“Ali Baş Komandan cənab İlham Əliyev bu barədə öz münasibətini dəfələrlə bildirib, ismarıcını verib: “Əgər erməni tərəfi təxribata əl atarsa, revanş hissinə qapılarsa cavab adekvat olacaq və "dəmir yumruq" işə salınacaq”.

Biz onları tərksilah edirik, qarşılarını alırıq, məqsədlərinə çata bilmirlər. Bununla bütün dünyaya göstəririk ki, erməni tərəfi müharibədən sonra da üçtərəfli sənədə məhəl qoymur, terrorçuluqla məşğuldur.

Terrorçuların qarşısını almaq üçün Azərbaycan tərəfinin döyüş təcrübəsi qazanmış peşəkar hərbi gücü var, yetərli qədər silah-sursat ilə təmin olunub”.

Aysel Hacıyeva / Redaktor.az