General-polkovnik Naxçıvana səfər edib - FOTO

 14:33 05.07.2021     211

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən 2021-ci ilin 29 iyun - 2 iyul tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına səfər edib

Redaktor.az xəbər verir ki, general-polkovnik Məhərrəm Əliyev Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoymuş, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad etmişdir. Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla keçirilmiş görüşdə Muxtar Respublikada daimi dislokasiya olunmuş ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılmışdır.

Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası və Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilmiş və məruzələr dinlənilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silah və döyüş texnikaları ilə təminatı, hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qarşıda duran tapşırıqlar diqqətə çatdırılmışdır.

Səfər çərçivəsində hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilmiş, qərargah binalarına, əsgər yataqxanalarına, tibb məntəqələri və digər hərbi obyektlərə, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikasına, aviasiya eskadrilyasına və hərbi təyinatlı vasitələrə baxış keçirilmişdir. Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilmiş və hədiyyələr təqdim olunmuşdur.