Zakir Həsənov orduya vacib tapşırıq verdi - Düşmənə cavab veriləcək...

 12:39 30.08.2021     218

Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Redaktor.az-ın xəbərinə görə, Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.

Azərbaycan Ordusunda planlaşdırılan tədbirlərə toxunan general-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdəki bölmələrdə qoşun xidmətinin təşkili, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, hərbi infrastrukturun yaradılması, dağ yolların çəkilməsi və onların daim işlək vəziyyətdə saxlanılması, bölmələrin qışa hazırlığının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Nazir nizam-intizam və təhlükəsizlik, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, eləcə də hərbi qulluqçuların tibbi təminatının daha da yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.