Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqlarını yerinə yetirməkdə davam edir".
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sentyabrın 8-nə olan fəaliyyəti haqqında məlumat bülletenində bildirilib.
Qeyd olunub ki, iyirmi yeddi müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər:
"Rusiya sülhməramlı bölmələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib: dördü şimal və cənub istiqamətlərində Laçın dəhlizindən, biri Şuşa-Qırmızı Bazar-Qacar marşrutu boyunca, biri isə əks istiqamətdə".
Məlumata görə, rus sülhməramlıları bu gün Laçın, Xocalı və Ağdərə rayonlarında üç marşrut üzrə patrul xidməti aparıblar.
Nazirlikdən bildirilib ki, Rusiya sülhməramlı kontingentinin minalardan təmizləmə qrupları obyektləri və əraziləri minalardan təmizləməyə davam edir:
"Gün ərzində 2 hektar ərazi partlamamış hərbi sursatdan və partlayıcı maddələrdən təmizlənib.
Ümumilikdə, 23 noyabr 2020-ci ildən bu yana 2285 hektar ərazi, 683 km yol, 1937 bina partlamamış hərbi sursatdan təmizlənib, 25803 partlayıcı obyekt aşkar edilərək zərərsiz hala gətirilib".
Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
T.İSMAYIL