Sülhməramlılar bu ərazilərdə ordumuzun 6 karvanını müşayiət etdi
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqlarını yerinə yetirməkdə davam edir".
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin sentyabrın 17-nə olan fəaliyyəti ilə bağlı yaydığı məlumatda bildirilib.
"İyirmi yeddi müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.
Rusiya sülhməramlı bölmələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib: dördü şimal və cənub istiqamətlərində Laçın dəhlizindən, biri Şuşa-Qırmızı Bazar-Qacar marşrutu boyunca, biri isə əks istiqamətdə.
Rus sülhməramlıları Əsgəran (Xocalı) Mardakert (Ağdərə) və Şuşa bölgələrində üç marşrut boyunca patrul xidməti aparıblar", - açıqlamada deyilir.
Məlumata görə, Rusiya sülhməramlı kontingentinin minalardan təmizləmə qrupları obyektləri və əraziləri minalardan çıxarmağa davam edir:
"Bir gün ərzində 0,5 hektar ərazi partlamamış hərbi sursat və partlayıcı maddələrdən təmizləndi.
23 noyabr 2020-ci ildən bu yana 2290,25 hektar ərazi, 683 km yol, 1937 bina partlamamış hərbi sursatdan təmizlənib, 25960 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib".
Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
T.İSMAYIL












