SON DƏQİQƏ: Müdafiə Nazirliyi Rusiyanı təkzib etdi

 01:08 19.09.2021     1567

"Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur".

Redaktor.az-ın Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadla verdiyi məlumata görə, bu barədə nazirliyin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov bildirib.

"Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb.

Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.

Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.

Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir" - Anar Eyvazov deyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Şuşa istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin separatçı ermənilərə 3 dəfə atəş açması və iki hərbçinin yaralanması barədə məlumat yayıb.

Turan ASLAN