Sülhməramlıların komandanı niyə Ermənistan tərəfə təqdim olunur? - AÇIQLAMA

 16:17 28.09.2021     1187

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilib. Sentyabrın 25-də Rusiya Müdafiə Nazirliyinin nümayəndələri general-leytenant Gennadi Anaşkini rəsmən Ermənistan Müdafiə Nazirliyinə təqdim edib.

Maraqlıdır ki, bundan öncə təyin olunan digər iki sülhməramlı koamndan da eynilə Ermənistan tərəfə təqdim olunmuşdu. Nəzərə alsaq ki, rus sülhməramlı kontingenti Azərbaycan ərazisində xidmət göstərir, o zaman Rusiyanın bu addımı anlaşılan deyil.

Bəs görəsən, Azərbaycanın suveren ərazisində yerləşən Rusiya sülhməramlılarının komandanı niyə Ermənistan Müdafiə Nazirliyinə təqdim olunur? Bu nədən irəli gəlir?

Məsələ ilə bağlı Redaktor.az-ın sualını cavablandıran hərbi ekspert Abuzər Əbilov biildirib ki, sülhməramlı kontingentə komandan dəyişikliyi edilikdən sonra yeni komandan ilk olaraq Azərbaycan tərəfinə təqdim edilməlidir: “Rusiya sülhməramlıları Azərbaycan ərazisində xidmət göstərdiklərinə görə komandan dəyişikliyi də ilk əvvəl Azərbaycana təqdim olunmalıydı. Lakin bu barədə  protokol yoxdur. Bu məsələnin necə tənzimlənəcyinə dair təcrübə də yoxdur”.

Hərbi ekspert bildirib ki, əslində bu məsələdə maraqlı olan tərəf Ermənistandır: “Sual olunur ki, sülhməramlı qüvvələrin komandanı bizə lazımdırmı? Bu kontingentin yeni komandanının ilkin olaraq bizə təqdim olunub olunmamasının bizə faydası varmı? Sülhməramlılar əsasən Ermənistan tərəfinə lazımdır. Çünki məğlub olan tərəf onlardır. Lakin açıq danışsaq, sülhməramlıların olub-olmaması bizə elə də təsir bağışlamır. Bu qüvvələr bizim ərazimizdə müvəqqəti olaraq yerləşdirilib. Onlar bizim ərazimizdə qonaqdır və vaxtı gələndə bizim torpağı tərk edəcək. Açığı bu hadisə mənə teatr tamaşasını xatıraldır. Sülhməramlıların rəhbərinin neçə dəfə dəyişdiyi və kim olduğu bizim heç bir əhəmiyyət kəsb etmir”.

Şəbnəm Mehdizadə