Milli Qəhrəmanımızın doğum günüdür

Bugün Milli Qəhrəman Yunis Əliyevin doğum günüdür.
Redaktor.az xəbər verir ki, Əliyev Yunis Əsgər oğlu 9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. 1973-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirib, təhsilini Dəliməmmədli şəhərindəki 102 saylı texniki-peşə məktəbində davam etdirib. Mexanizator peşəsinə yiyələnən Yunis 1976-cı ildə hərbi xidmətə çağırılır. Tacikistanda əsgəri borcunu yerinə yetirdikdən sonra bir neçə il Rusiyada yaşayır. Sonra Vətənə qayıdaraq əmək fəaliyyətini rayon mərkəzindəki kərpic zavodunda davam etdirir.
Erməni fitnəkarlarının törətdikləri vəhşiliklərə qarşı yaradılan ilk batalyonlardan biri də Goranboy özünümüdafiə batalyonu olub. Yunis də 1992-ci ildə Vətənin müdafiəsinə qalxanlardan biri olur. O, Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılır. Onun ilk sınaq döyüşü Ağdərə rayonunun Talış kəndində olur.
4 may 1992-ci ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini mühafizə edən bölük Talış kəndində yerləşən ermənilərin mövqelərini ələ keçirir. Bu əməliyyat erməni silahlı dəstələri üçün gözlənilməz olduğundan, onlar döyüşçülərimizin hücumu qarşısında duruş gətirə bilməyib, öz mövqelərini tərk etməyə məcbur olmuşdular.
Ertəsi gün mayın 5-də ermənilərin qəfil hücumu nəticəsində Yunis Əliyev erməni gülləsinə tuş gəldi. Yunisin və onun bir neçə döyüşçü dostunun cəsədi 43 gündən sonra, Talış kəndi azad edildiyi zaman tapıldı.
Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Əliyev Yunis Əsgər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Yunis Əliyev 16 iyun 1992-ci ildə doğma kəndində-Qızılhacılıda dəfn edilmişdir. Qızılhacılı qəsəbə 3 saylı uşaq bağçası onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.
Allah rəhmət eləsin!