Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır - Hərbi ekspert: "Daha gözləyə bilmərik"

 17:44 15.10.2021     879

Xəbər verdiymiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib. Ermənilər tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Bəs görəsən, ermənilər bu təxribatlarla nəyə nail olmağa çalışır? Azərbaycan bunun cavabını necə verməlidir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını hərbir ekspert Abuzər Əbilov cavablandırıb. O bildirib ki, Qarabağdakı Rusiya sülhməramlıları erməni təxribatlarına göz yumur:

“Dünən gecə erməni qanunsuz silahlı birləşmələri yerləşdiyi ərazidən açılan atəşlə əsgərimiz şəhid olub. Aydındır ki, sülhməramlılar bir çox hallara göz yumur. Bu da onların regionda ikili siyasət aparmasını sübut edir. Sülhməramlılar hazırda yerləşdiyi ərazidə razılaşmanın ən əsas şərti olan eməni silahlı birləşmələrinin ərazidən çıxarılması bəndinə hələ də riayət etmir. Ərazidə çoxsaylıı silahlı şəxslər var və onlar tərksilah olunmayıb, Ermənistan hərbçiləri Ermənistana göndərilməyib. Bu, bölgədə təxribatların olmasına zəmin yaradır”.

Ekspert qeyd edib ki, Azərbaycanın anti-terror əməliyyatı aparmaq hüququ var və bu mütləq olmalıdır: “Çünki razılaşmanın şərtində də bu var. Ərazidə olan qeyri-qanuni hərbçilər ərazilərimizdən tamamlə çıxarılmalıdır. Əgər bu şərtə əməl olunmursa və bizim hərbçilərimiz şəhid olursa, Azərbaycan anti-terror əməliyyatı həyata keçirməlidir. Bu mütləqdir və yaxın zamanlarda əməliyyatlar ortaya qoyulmalıdır. Biz daha gözləyə bilmərik. Müharibədə qalib gəlmiş dövlət öz ərazisində qanunsuz hərbi birləşmələri saxlaya bilməz. Bu, beynəlxalq hüquqa ziddir. Azərbycan öz hərbçilərinin şəhid olması və ya yaralanması ilə barışa bilməz”.

Şəbnəm Mehdizadə