Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalan snayperçi

 11:09 17.10.2021     333

Torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızı xalqımız heç zaman unutmayacaq. Belə igid Vətən oğullarından biri də xüsusi təyinatlı kəşfiyyatçı şəhid gizir Xalid Qasımovdur. Şəhidin anım mərasimində Sərhəd Qoşunlarının hərbçiləri və döyüş yoldaşları da iştirak edib.

Redaktor.az xəbər verir ki, Xalid Qasımov Cəlilabadın Moranlı kəndində dünyaya göz açıb. Valideynləri deyirlər ki, həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Xalid sərhədçi olacağına qərar vermişdi. 2017-ci ildə gizirlik kurslarından müvəffəqiyyətlə keçərək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmətə başlayıb. Vətən müharibəsində Sərhəd Qoşunlarının xüsusi təyinatlı kəşfiyyatçı snayperi kimi könüllü döyüşlərə qatılıb. Müharibəyə gedərkən iki qız övladını Allaha əmanət edən Xalidin həyat yoldaşından ilk və son xahişi bu olur: “Döyüşlərdə olduğumu anam-atam bilməsin”.

Şəhidin anası Gülnarə Qasımova deyir ki, Xalid həmişə telefonla danışanda kursda olduğunu bildirərmiş: “Mənimlə danışanda deyirdi ki, ana kursdayam. Məndən ötrü nigaran qalma. Oktyabrın 11-i böyük qızının ad günü idi. Günorta zəng edib, ailəsi ilə, qızı ilə danışdı, onu təbrik elədi. Sonra mənə dedi ki, uşaqların heç birinin ad günündə evdə ola bilməmişəm. Dedim ki, oğul müharibə bitsin, inşallah bir yerdə qeyd edərsiniz. Həmin danışıq sonuncu oldu. İki gün sonra səhər atasına zəng gəldi. Dedilər, oğlun Vətən uğrunda şəhid olub”.

Müharibənin ilk günlərindən Cəbrayıl və Füzuli istiqamətlərində düşmən qüvvələrinə ağır itkilər yaşadan Xalid ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin atası Rafiq Qasımov: “Oğlum qəhrəmancasına döyüşüb, işğalçı erməniləri məhv edib. Yaxşı snayperçi idi. Döyüş yoldaşlarının sözlərinə görə, Cəbrayıl istiqamətindəki döyüşlərdə də igidliklə vuruşub. Allah bütün şəhidlərimizi rəhmət eləsin”.

Şəhidin qrup komandiri Tural Əkbərov döyüşçü yoldaşından danışarkən bildirib ki, Xalidlə birgə təlimlərdə də iştirak edib. “Müharibə başlayanda biz qruplara ayrıldıq. Sıx əlaqəmiz var idi. Çox peşəkarcasına döyüşürdü. Snayperçi idi. Düşmənə qan uddururdu. Neçə-neçə erməni dığasını məhv etdi. O, yaralı döyüş yoldaşını xilas etmək istəyəndə şəhadətə ucaldı. Biz belə oğullarla qürur duyuruq. Ruhları qarşısında baş əyirəm”, - deyə əlavə edib.

Xalidin anım günü dəfn mərasimində olduğu kimi, yenə də izdihamla keçdi. Xidmət etdiyi Sərhəd Qoşunlarının generalından əsgərinədək şəhid Xalidi anmaq üçün hüzuruna gəlmişdilər. Gəldilər desinlər ki, rahat uyu, Xalid, uğrunda canını fəda etdiyin Vətən torpaqları indi azaddır (azertag).

222222222