Rusiya MN-dən Azərbaycandakı sülhməramlılarla bağlı AÇIQLAMA
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir".
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmi Rusiya sülhməramlı kontingentinin oktyabrın 28-nə olan fəaliyyəti haqqında məlumat bülletenində deyilir.
Məlumata görə, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.
Bildirilir ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Respublikasının iki karvanını - bir karvan Suqovuşan-Qozlukörpü-Vəng marşrutu üzrə, biri isə əks istiqamətdə - müşayiət ediblər.
Rusiya sülhməramlıları Ağdərə, Xocavənd və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirib.
Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis dəstələri 2311,5 hektar ərazi, 683 km yol, 1937 obyekt partlamamış hərbi sursatdan təmizlənib, 26078 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Sonda qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısının alınması, səylərin əlaqələndirilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.












