"Azərbaycan Ordusunda NATO standartlarına uyğun yeni qurumlar yaradılacaq" - AÇIQLAMA

 14:07 10.11.2021     897

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Ordusunda bir neçə yeni qurumun yaradılacağı haqda məlumat verib. Nazir bildirib ki, orduda əməliyyat (komando) qurumları, briqadaları yaradılır.

Bəs görəsən, Azərbaycan ordusunda hansı yeniliklər tətbiq olunacaq?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını hərbi ekspert Abuzər Əbilov cavablandırıb. O bildirib ki, müharibədən sonrakı dövrdə yeni ordu birləşməsi qurulub:

“Belə bir razılaşma əldə olunub. Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra Azərbaycan ordusunda köklü dəyişikliklər mövzusunda diskussiyalar aparılırdı. Bu vacib amildir. Uzun illərdən sonra işğal altında olan ərazilərimizi işğaldan azad etdik və ərazimiz 20 faiz artdı. Bu geniş ərazini müdafiə etmək və bu ərazilərdə hərbi hissələr yaratmaq üçün görülən işlərin davamı gəlməlidir. Hazırda ordumuzda bir sıra dəyişikliklər aparılır, briqadalar yaradılır. Müharibədən sonrakı dövrdə yeni ordu birləşməsi qurulub. Bundan sonra da bu proses davam edəcək. Ordu birləşmələri, briqadalar digər hərbi qurumlar yeni taktika və startegiyaya uyğun şəkildə qurulur”.

Ekspert bildirib ki, sovetdən qalmış köhnə döyüş taktikaları yeni hərb strategiyasına uyğun  olmalıdır:

“Aparılan dəyişikliklər Azərbaycan ordusunun NATO standartlarına və digər yeni standartlara uyğunlaşması deməkdir. Yaxın vaxtlarda NATO və inkişaf etmiş ölkələrin, o cümlədən Türkiyənin hərb elminə uyğun olaraq yeni qurumlar yaradılacaq. Müdafiə Nazirliyinin nəzdində bir çox qurumlar yaradılacaq və ərazidə yerləşdiriləcək. Ordu quruculuğunda Azərbaycan ordusu yeni taktika və strategiya ilə, başlıca olaraq Türkiyənin təcrübəsindən istifadə etməklə öz hərb sənayesini inkişaf etdirəcək”.

Şəbnəm Mehdizadə