"Laçın dəhlizi Ermənistanın və ya Rusiyanın ərazisi deyil" - Deputatdan sülhməramlılara ETİRAZ

 17:04 10.11.2021     1986

Ötən il noyabrın 10-da Vətən müharibəsi başa çatdı. Azərbaycan, Rusiya və Ermənistan prezidentləri  tərəfindən imzalanan bəyanatda Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatlar dayandırıldı. Bu bəyanatın imzalanması ilə Azərbaycan müharibənin qalibi oldu. Bəyanatın imzalanmasından artıq bir il keçir. Bəs görəsən, bir il ərzində bəyanatın icrasına tam əməl edilibmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Məmmədov cavablandırıb. O bildirib ki, bəyanatın müddəlarında icra olunmayan xeyli hissələr var:

“Hər üç ölkənin rəhbəri bu yaxınlarda yenidən görüşəcək. Yəqin ki, yeni görüşdə bir il ərzində imzalanan sənədlərdə icra olunmayan məsələlər müzakirə olunacaq. Bəyanatdakı müddəalarla bağlı bəzi öhdəliklər yerinə yetirilmir. Bu günə kimi Zəngəzur dəhlizi ilə bağlı məsələnin həllini tapdığını desək də, Ermənistan bu məsələdə öz qeyri-konstruktiv mövqeyini və radikallığını nümayiş etdirir. Ermənistan hər cəhdlə bizə əngəl törətməklə məşğuldur. Rusiya sülhməramlıları bizim ərazimizə niyə gəlib? Onlar bu ərazidə tərəflər arasında atəşkəsin və sülhün qorunub saxlanılması və təhlükəsizliyin təminatı üçün yerləşdirilib. Rusiya sülhməramlılarının üzərinə düşən ən vacib öhdəliklərdən biri də Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərən separatçı cinayətkar qrupunun təmizlənməsi idi. Bu işi Rusiya və Ermənsitan etməli idi. Lakin onların heç birisi bunu etməyib. Bu gün faktiki olaraq Azərbaycan ərazisində 1991-ci ilin sentyabr ayından separatçıların yaratdığı və "Artsax" adlandırdığı dövlət mövcudluğunu saxlayır və qeyri-qanuni şəkildə öz fəaliyyətini davam etdirir. Onların özlərinə və hətta Ermənistan dövlətinə məxsus silahlı birləşmələr Azərbaycan ərazisində qalmaqdadır. Ermənistan müdafiə naziri bizim ərazimizdə nə gəzir? O hansı haqla, hansı hüquqla bizim ərazimizə keçib? Bunu Rusiya sülhməramlılarından soruşmaq lazımdır".

Deputat bildirib ki, Laçın dəhlizi Ermənistanın və ya Rusiyanın ərazisi deyil:

"Sülhməramlılar əraziyə nəzarət edirsə, niyə Azərbaycan qanunlarının pozulmasına imkan verirlər? Bəyanatın icrası ilə bağlı çox ciddi məsələlər var. Laçın dəhlizinin sonundakı Azərbaycan-Ermənistan dövlət sərhəddinə Azərbaycan sərhədçiləri nəzarət etməlidir. Bunu Azərbaycan olaraq tələb etməliyik. Orada Azərbaycanın sərhəd-buraxılış məntəqəsi olmalıdır. Köçəryan, Sarkisyan, Ermənistanın müdafiə naziri, digər rəsmiləri həftədə elədən belə, belədən elə sərhədləri pozur, istədiklərini edirlər. Laçın dəhlizi Ermənistanın və ya Rusiyanın ərazisi deyil. Xankəndi onların ərazisi deyil. Bu torpaqlar Azərbaycana məxsusdur və o ərazilərdə Azərbaycan qanunları işləməlidir. Sülhməramlı missiyasını yerinə yetirənlər öz səlahiyyətlərini aşmamalıdır. Amma onlar erməniməramlılıq edərək separatçılarla əməkdaşlığa son vermir. Onlara hər cür şərait yaradılır. Bu məsələlər ciddi müzakirə obyekti olmalıdır”.

Şəbnəm Mehdizadə