General Hikmət Həsənovun minaya düşdüyü maşının görüntüləri yayıldı - VİDEO

 16:31 11.11.2021     751

Ölkə mətbuatında Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun olmaması ilə bağlı fərqli məlumatlar yayılıb. 

Xəbərdə müxtəlif səbəblər qeyd olunsa da, general-mayor Hikmət Həsənov Bizimxeber.az-a tədbirdə niyə iştirak etmədiyinin səbəblərini açıqlayıb.

General bildirib ki, müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır:

“10 noyabr 2020-ci il tarixində bağlanan Üçtərəfli Bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm”.

General-mayor həmçinin əlavə edib ki, burada başqa səbəb axtarmaq lazım deyil:

“Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”