Bu hərbçilərə yaşayış sahəsi veriləcək

 13:05 17.11.2021     3334

20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara növbəlilik əsasında yaşayış sahəsi və ya öz arzusu ilə yaşayış sahəsi əvəzinə pul kompensasiyası ödəniləcək.

Redaktor.az xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Qanun layihəsində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların (ehtiyata və ya istefaya buraxılmış şəxslərin), eləcə də xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar xidmət müddətindən asılı olmayaraq I dərəcə və ya 10 təqvim ili xidmət etmiş II dərəcə əlilliyi olan, habelə döyüş əməliyyatları zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan şəxslərin xüsusi mülkiyyətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada mərhələli şəkildə xidmət illəri nəzərə alınmaqla növbəlilik əsasında yaşayış sahəsi verilir və ya onlara öz arzusu ilə yaşayış sahəsi əvəzinə pul kompensasiyası ödənilməsi təklif olunur.

Hərbi qulluqçular, həmçinin ehtiyata və ya istefaya buraxılmış şəxslər dövlət tərəfindən xüsusi mülkiyyətə verilən mənzil hüququndan bir dəfə istifadə edə biləcəklər.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin etməlidirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilməlidirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilməlidirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilməlidirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verməlidirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəməlidirlər.
Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilməlidir.