Bundan sonra Zəfər paradı olacaqmı? - AÇIQLAMA

 14:21 10.12.2021     1901

Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəmizə həsr olunmuş Zəfər paradından bir il ötür. Keçən il dekabrın 10-da Bakıda qələbənin təntənəsi kimi Azadlıq Meydanında möhtəşəm parad olanda, hər kəs bunun Zəfər Günündə ənənəvi keçiriləcəyini ehtimal edirdi. Nədənsə, bu il noyabrın 10-da, yəni Zəfər Günündə parad olmadı. Maraqlıdır, dünyanın müharibələrdən qalib çıxmış bir çox ölkəsində ənənəvi hərbi paradlar təşkil olunduğu halda Azərbaycanda niyə olmasın?

Bununla bağlı Redaktor.az-a danışan hərbi ekspert Şair Ramaldanov bildirdi ki, Zəfər paradının keçirilməsi gələcəkdə mümkün ola bilər:

“Hərbi paradın keçirilməsi ilə bağlı qərarı Ali Baş Komandan verir. Mən düşünürəm ki, bu il pandemiya dövrünü nəzərə alaraq kütləvi tədbirlərin keçirilməməsi səbəbindən parad baş tutmadı. Bunun dəqiq səbəbini bilmirik, amma müəyyən qərar qəbul etməyə təsir göstərdi. Azərbaycan qələbə paradını keçirdi və özü də bu sevinci bizə gətirən Vətən müharibəsi igidlərimizin iştirakı ilə qeyd etdi. Orda həmçinin II Qarabağ müharibəsində istifadə olunan Azərbaycanın müasir silahlarının nümayişi öz əksini tapdı. Azərbaycanda bu paradın keçirilməsi ən böyük nailiyyətdir. Zəfər paradının ildönümünün keçirilmə tarixi müəyyən bir qərarlarla bağlı olan məsələdir”.

Ş.Ramaldanov qeyd etdi ki, gələcəkdə Zəfər paradının ildönümü qeyd oluna bilər:

“Pandemiyadan uzaqlaşdıqca, həyat əvvəlki vəziyyətinə dqayıdanda Zəfəri gününü hərbi paradla qeyd edəcəyik. Lakin bunun hansı tarixi ardıcıllıqla olması rəsmi qərarla müəyyən ediləcək. Bu il parad olmasa da Zəfər günündə müəyyən tədbirlər keçirildi. Bayram hərbçilərimizin, həmçinin Vətən müharibəsi iştirakçılarının iştirakı ilə ölkəmizin demək olar ki, hər yerində təntənəli yürüşlərlə qeyd olundu. Düşünürəm ki, bu və ya digər formada Azərbaycanın zəfər qazanmış ordusu qələbə gününü bayram edəcək”.

Xatırladaq ki, ötən il paradda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak edirdilər.

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu.

Türkiyəli hərbçilərin qatıldığı paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də göstərildi. 

Nuranə Tofiqli

Vumart və Güvən reklamı Vumart Güvən