Hərbi helikopterin “qara qutu”su oxundu - QƏZANIN SƏBƏBİ- FOTO
Dövlət Sərhəd Xidmətinin Xızıda qəzaya uğrayan hərbi helikopterinin “qara qutu”nda qeyd alınan səs yazıları Azərbaycana təqdim olunub.
Redaktor.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib.
""Qara qutu" hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib", - vurğulayıb.
E.Məmmədov əlavə edib ki, istintaqın hazırkı mərkələsində cinayət işi üzrə çoxsaylı şahidlərin dindirilməsi təmin olunub, eyni zamanda intensiv istintaq hərəkətləri həyata keçirilib, müxtəlif ekspertizalar təyin olunub və digər tədqiqatlar aparılıb.
“Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilmişdir ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib", - o, vurğulayıb.
Onun sözlərinə görə, helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.
“Aparılan ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olan şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub. Qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-i isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın detalları ilə bağlı digər həmkarlarım tərəfindən ətraflı məlumat veriləcək”, - o bildirib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülən və qəza anında qeydə alınan uçuş parametrləri açıqlanıb.
"Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq olub və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub", - Baş Prokurorluqdan bildirilib.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.



















