Ruslar Qarabağda hərbi karvanlarımızı müşayiət etdi

 20:55 26.12.2021     687

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir".

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin dekabrın 26-na olan fəaliyyəti haqqında məlumat bülletenində deyilir.

Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

Məlumata görə, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı kolonunu müşayiət ediblər: "Dördü - Laçın dəhlizi ilə şimal və cənub istiqamətlərində, biri Madagiz (Suqovuşan - red.)  - Getavan - Vəng marşrutu üzrə və biri əks istiqamətdə".

Qeyd olunub ki, 23 noyabr 2020-ci il tarixindən indiyədək 2327,7 hektar ərazi, 683 km yol, 1937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26090 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısının alınması, səylərin əlaqələndirilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır" - deyə Rusiya MN-dən bildirilib.

T.İSMAYIL