Rusiya MN-dən Qarabağdakı sülhməramlılarla bağlı AÇIQLAMA

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir".
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yanvarın 6-na olan fəaliyyəti haqqında məlumatında bildirilib.
Məlumata görə, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.
Bildirilib ki, bu gün Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin iki karvanını müşayiət ediblər: "Biri Madagiz-Getavan-Vəng marşrutu üzrə, biri isə əks istiqamətdə".
Açıqlamada deyilir ki, ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis qrupları tərəfindən 2328 hektar ərazi, 683 km yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26090 partlayıcı aşkar edilərək zərərsizləşdirilib.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısının alınması, səylərin əlaqələndirilməsi üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
T.İSMAYIL