İsveç Rusiya ilə sərhədə qoşun göndərdi

 21:53 15.01.2022     1554

İsveç Silahlı Qüvvələri (AF) Rusiyanın Baltik dənizində hərbi fəallığının artması fonunda Qotland adasındakı bölmələrini gücləndirib.

Redaktor.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Peter Hultkvist də təsdiqləyib.

İsveçin ictimai televiziyası SVT bu gün saytında adaya qoşun və texnikanın gəldiyini əks etdirən kadrlar yerləşdirib.

"Silahlı qüvvələr İsveçin bütövlüyünü və onun maraqlarını qorumaq qabiliyyətimizi nümayiş etdirmək üçün lazımi tədbirlər görür", - Hultkvist bildirib.

İsveç silahlı qüvvələrinin əməliyyatlar rəhbəri, general-leytenant Leif Mikael Klasson AFP-yə verdiyi açıqlamada Stokholmun qəsdən güc nümayiş etdirdiyini təkzib edərək, söhbətin adada artıq yerləşdirilmiş bölmələrdən getdiyini iddia edib.

Qeyd edək ki, bu həftənin əvvəlində Danimarka mediası Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus üç gəminin Danimarkanın Böyük Kəmərindən keçərək Baltik dənizinə daxil olduğunu bildirmişdi.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 24 dekabr 2021-ci il tarixində keçirdiyi brifinqdə, İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması Rusiya tərəfinin adekvat addımlar atmasını tələb edən ciddi hərbi və siyasi nəticələrə səbəb olacağını demişdi.